Premyer Liqanın növbəti turunda səfərdə “Qəbələ” ilə qolsuz bərabərliyə (0:0) qalan”Şamaxı”nın baş məşqçisi Azər Bağırov matçdan sonra təşkil olunan mətbuat konfransında media mənsublarının suallarını cavablandırıb.
Mütəxəssis ilk növbədə qarşılaşma barədə ümumi təəssüratlarını bölüşərək rəqibin çıxışını yüksək qiymətləndirib və səfər xalının əhəmiyyətini vurğulayıb: “Mövsümün geridə qalan hissəsini götürsək, ‘Qəbələ’ bəlkə də ən yaxşı oyununu keçirdi. Qarşılaşmanın çətin olacağını əvvəlcədən bilirdik. Amma şükürlər olsun ki, tapşırığın öhdəsindən gəldik və çətin səfərdən xalla dönürük. Mövcud vəziyyətdə xal ehtiyatımızı artırmaq bizim üçün çox vacibdir. Mübarizəyə görə futbolçularımı təbrik edirəm. Artıq növbəti görüşlərə baxmalıyıq”.
Jurnalistin “İki xal itirdiyinizi düşünürsünüzmü?” sualına cavab verən çalışdırıcı hücum xəttindəki nöqsanlara diqqət çəkib: “Sözlərinizdə həqiqət var. Hücumda daha səliqəli və dəqiq oynamağımız çatmadı. Rəqibi bir neçə epizodda azlıqda tutsaq da, hücumları məntiqli sonluqla bitirə bilmədik. Hücum xəttində dəqiqliyi artırmaq istiqamətində çox çalışacağıq. Buna baxmayaraq, futbolçularımın əzmindən razıyam. Çempionat yeni başlayıb. Turnir cədvəlində bizə yaxın olan rəqiblərlə oyunlar psixoloji baxımdan daha çox enerji aparır, çünki uduzmaq qorxusu olur. Yuxarı pillələrdə qərarlaşan komandalara qarşı isə daha rahat oynayırsan. Bu baxımdan yetirmələrimi anlayıram”.
Ardıcıl səfər matçlarının komandaya təsirindən danışan Bağırov, yaxın gələcəkdə doğma azarkeşlər qarşısına çıxacaqlarına ümidli olduğunu bildirib: “Əlbəttə, öz azarkeşlərimizin önündə oynamaq daha yaxşı olardı. Lakin bu cür çətin səfər marafonu komandanı daha da bərkidəcək. Biz artıq ‘Qarabağ’, ‘Turan Tovuz’ və ‘Qəbələ’ kimi çətin səfərlərdən keçmişik. Oyundan-oyuna nələrisə qazanırıq ki, bu da müsbət haldır. Çatışmazlıqlarımız da var, onların üzərində işləyəcəyik. Səfər görüşlərimiz davam etsə də, nikbinliyimizi qoruyuruq. Yaxın vaxtlarda stadionumuzun işıqlandırma məsələsi də həll olunacaq və biz öz meydanımızda azarkeşlərimizi sevindirəcəyik”.