İsrailin Walla Sport nəşri Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) qarşılaşması öncəsi Azərbaycan futbolunu yaxından tanıyan Roy Kehatın fikirlərini dərc edib.
Hazırda “Sumqayıt”da çıxış edən israilli yarımmüdafiəçi Bakıdakı cavab qarşılaşmasında “Hapoel”i favorit hesab etsə də, “Sabah”ın mərhələ adlamaq imkanlarını da yüksək qiymətləndirib.
Kehatın fikrincə, İsrail klubunun növbəti mərhələyə yüksəlmək şansı təxminən 60 faizdir. Bununla belə, o, “Sabah”ın istənilən halda rəqibinə problem yarada biləcəyini vurğulayıb.
“Əlbəttə, mənim ürəyim İsraillədir. Mən israilliyəm və “Hapoel”in Çempionlar Liqasına yüksəlməsini istəyirəm. Onların növbəti mərhələyə keçmək şansını 60 faiz qiymətləndirirəm. Amma istənilən oyunda “Sabah” “Hapoel”i turnirdən kənarlaşdıra bilər”, – deyə Kehat bildirib.
İsrailli futbolçu cavab qarşılaşmasının Bakıda, lakin “Sabah”ın doğma stadionunda keçirilməməsini də “Hapoel” üçün üstünlük hesab edir.
“Sabah”ın öz stadionunda deyil, başqa arenada oynamalı olması “Hapoel” üçün üstünlükdür. Bildiyimə görə, stadion təxminən 80 faiz dolacaq. Lakin tribunadakı azarkeşlərin böyük hissəsi “Sabah”ın fanatik tərəfdarları deyil. Onlar bu maraqlı qarşılaşmanı və Çempionlar Liqasına çıxmaq şansını görmək üçün stadiona gələcəklər”, – Kehat deyib.
“Sumqayıt”ın futbolçusu “Sabah”ın son illərdəki inkişafını da xüsusi qeyd edib. Onun sözlərinə görə, Bakı klubu keyfiyyətli legionerləri heyətinə cəlb etməklə sürətlə güclənib.
“Sabah”ın inkişafı məni çox heyran edir. Komandanın arxasında maliyyə baxımından kimin dayandığını bilmirəm, amma yaxşı və səviyyəli legionerlər gətirdikləri görünür. Azərbaycana əvvəllər gəlməyən tanınmış futbolçular indi bura üz tutur. Daha çox maliyyə imkanları var və xarici futbolçular liqanın səviyyəsinin yüksəlməsinə, nəticələrin yaxşılaşmasına kömək edir”, – deyə Kehat vurğulayıb.Üç ildir Azərbaycanda yaşayan Kehat ölkəmizdəki futbol mühitindən də razılıqla danışıb. O, İsrail futbolçularına Azərbaycanda oynamağı tövsiyə edib.
“İsraillilərə Azərbaycana gəlib burada futbol oynamağı qətiyyətlə tövsiyə edirəm. Mən müqavilə imzalayanda Azərbaycanda yeddi israilli futbolçu çıxış edirdi. İndi isə yalnız David Dequ qalıb. Azərbaycan futbolu böyük inkişaf yaşayır”, – deyə o bildirib.
Kehat “Hapoel”lə bağlı xüsusi hisslərinin olduğunu da gizlətməyib. 2012-ci ildə Beer-Şeva klubunda icarə əsasında çıxış edən futbolçu komandanın inkişafını illərdir izlədiyini deyib.
“Əlbəttə, bütün bu illər ərzində “Hapoel”i izləyirəm. Mən Alona Barkatın klubdakı layihəsinin ilk günlərindən bu komandanı tanıyıram. Bu gün vəziyyət tamam başqadır – büdcələr, məşq prosesi, müasir infrastruktur dəyişib. “Hapoel” artıq uzun illərdir böyük brenddir”, – deyə israilli futbolçu qeyd edib.
Beləliklə, Kehatın proqnozunda üstünlük “Hapoel”in tərəfində olsa da, onun fikirlərində “Sabah”a ciddi xəbərdarlıq da var: İsrail klubu favorit sayılsa belə, Bakıdakı cavab görüşündə hər şey 90 dəqiqə ərzində dəyişə bilər.