Premyer Liqanın II turunda keçirilən “Zirə” – “İmişli” qarşılaşması (3:1) qonaq komandanın qapıçısı Yusif İmanov üçün əlamətdar göstərici ilə yadda qalıb.
Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, 23 yaşlı qolkiper ölkə çempionatlarında 100-cü matçına çıxıb. Yubiley oyununadək və həmin görüş də daxil olmaqla, gənc əlcək sahibi arxada qalan 100 qarşılaşmada öz qapısından 101 top buraxıb.
Karyerası ərzində “Sabah”ın heyətində keçirdiyi 80 matçda 75 qol buraxan gənc əlcək sahibi, “Kəpəz”də forma geyindiyi 18 oyunda 23 dəfə toru ortadan çıxarmalı olub. O, hazırkı komandası “İmişli”də çıxdığı 2 qarşılaşmada isə qapısında 3 qol görüb.
Bu nəticə ilə Yusif İmanov Azərbaycan çempionatları tarixində 100 və ya daha çox oyunda meydana çıxan 458-ci futbolçu, qapıçılar arasında isə bu göstəriciyə çatan 39-cu qolkiper kimi tarixə düşüb.