İngiltərənin “Kristal Pelas” klubunun hücumçusu Jan-Filipp Mateta komandası ilə hüquqi müstəvidə qarşı-qarşıya gəlib. 29 yaşlı fransalı forvard müqaviləsinin uzadılması bəndinin etibarsız olduğunu iddia edərək ali futbol qurumu FIFA-ya müraciət edib.
Matetanın mövqeyinə görə, klub 2024-cü ildə müqaviləni avtomatik bir mövsümlük uzatmaq opsionundan istifadə etsə də, o, bu yay azad agent statusu almalı idi. Məsələ ilk olaraq Premyer Liqanın müstəqil tribunalında araşdırılıb, daha sonra futbolçu FIFA-ya üz tutub. Lakin dünya futbolunun idarəedici orqanı müqaviləni ləğv etmək səlahiyyətinə malik olmadığını açıqlayıb.
Yaranan hüquqi qeyri-müəyyənliyə baxmayaraq, təcrübəli hücumçuya transfer bazarında maraq kifayət qədər böyükdür. “Kristal Pelas” bu həftə “Aston Villa”dan gələn təklifi rədd etsə də, transfer pəncərəsinin sonuna qədər yeni müraciətlərin olacağı gözlənilir. Hətta bu gərginliyə rəğmən, Mateta Premyer Liqanın ilk turunda “Everton”a qarşı keçirilən matçda komandasının start heyətində meydana çıxıb.
Xatırladaq ki, Mateta 2022-ci ilin yanvarında Almaniyanın “Mayns 05” klubundan 1.5 illik icarədən sonra 4.5 illik müqavilə ilə tam transfer olunmuşdu. Müqaviləyə daxil edilən və hazırda məhkəmə mövzusu olan 12 aylıq uzadılma bəndi də məhz həmin vaxt razılaşdırılmışdı. “Kristal Pelas” formasında çıxış etdiyi 203 oyunda 62 qol və 14 məhsuldar ötürmə ilə yadda qalan futbolçunun “Transfermarkt”dakı dəyəri 30 milyon avro təşkil edir.