İsrailin aparıcı “Walla” nəşri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Sabah” – “Hapoel” (Beyer-Şeva) cavab oyunu ərəfəsində diqqətçəkən məqalə dərc edib. İsrail təmsilçisinin Bakı səfərini işıqlandıran sayt bu qarşılaşmanı ölkə futbolu üçün “tarixi dönüş nöqtəsi” adlandırıb.
“Hapoel”in “Sabah”la cavab matçına hazırlaşmaq üçün Azərbaycana vaxtından əvvəl səfər edib. Şənbə axşamı yola düşən qonaqlar gecə reysi ilə Bakıya gəlib və dərhal məşqlərə başlayıblar.
Baş məşqçi Ran Kojuçun rəhbərliyi ilə komanda paytaxtda iki məşq keçirəcək və oyunun baş tutacağı Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü ilə tanış olacaq. İsrail klubu “Sabah”ın xarakterinə, xüsusilə də əvvəlki mərhələdə Danimarka çempionu “Orhus”la matçda ilk oyundakı məğlubiyyətdən (1:2) sonra Bakıda 4:0 hesablı parlaq qələbə qazanaraq geridönüş etməsinə bələddir. Buna baxmayaraq, İsrail klub öz gücünə inanır və Kozuçun topa nəzarətə əsaslanan taktiki prinsiplərinə sadiq qalacağını bildirir.
Məşqçilər korpusunun heyətdə hər hansı köklü dəyişiklik etməyəcəyi, əvvəlki matçlarda özünü doğrultmuş start heyətinə güvənəcəyi gözlənilir. Komandanın üzvlərindən biri Ben-Qurion hava limanından yola düşməzdən əvvəl mediaya açıqlamasında qarşılaşmanın önəmini belə vurğulayıb:
“Xüsusi hisslər keçiririk. Bu, təkcə ‘Hapoel’ üçün deyil, bütün İsrail futbolu üçün həlledici məqamdır. Artıq İsrailin daha bir komandasının Çempionlar Liqasının əsas mərhələsinə düşməsinin vaxtıdır”.
Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüş “Hapoel”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mərhələnin taleyi avqustun 25-də Bakıda həll olunacaq.