Premyer Liqada yeni mövsümə böyük ümidlərlə başlayan “Qəbələ” üçün ssenari heç də arzuolunan istiqamətdə cərəyan etmir. İkinci turda doğma meydanda “Şəfa”ya 0:1 hesablı məğlubiyyət, komandanın oyun keyfiyyəti ilə bağlı ciddi suallar yaratmaqla yanaşı, baş məşqçi Kaxaber Tsxadadzenin üzərindəki təzyiqi də maksimuma çatdırıb. Artıq tribunadan səslənən istefa şüarları fonunda gürcüstanlı mütəxəssis matçdan sonra media önünə çıxaraq komandasının çıxışını sərt tənqid edib və yaranmış böhranlı vəziyyəti təhlil edib.
Tsxadadze mətbuat konfransına məyusluğunu gizlətmədən, doğma azarkeşlər önündəki çıxışı kəskin tənqid etməklə başlayıb. Məğlubiyyətdə hər kəsin günahkar olduğunu vurğulayan mütəxəssis, rəqibin əlinə düşən kiçik bir fürsətdən maksimum yararlandığını, öz komandasının isə qol epizodlarını (hətta dirəkdən qayıdan topu) reallaşdıra bilmədiyini diqqətə çatdırıb.
Onun fikrincə, əsas problem təkcə nəticədə yox, oyunun keyfiyyətində və bəzi yeni transferlərin mövcud reallığa uyğunlaşa bilməməsindədir: “Görünən odur ki, bəzi futbolçular onlardan nə tələb etdiyimizi hələ də tam anlamırlar. Bəziləri isə ümumiyyətlə, hansı səviyyəli çempionata gəldiklərini dərk etmirlər. Halbuki Azərbaycan Premyer Liqasının səviyyəsi son vaxtlar xeyli yüksəlib. Meydanın mərkəzində çox top itirir, ötürmələrdə ləng davranırdıq. Qələbə qazanmaq üçün kifayət qədər şansımız olsa da, istifadə edə bilmədik. Keyfiyyəti mütləq artırmalıyıq”.
Məşqçinin çıxışında diqqət çəkən əsas məqamlardan biri də taktiki dəyişikliklərin uğursuzluğa düçar olması idi. Matça iki mərkəz hücumçusu (Edson və Kərim Rossi) ilə başlayan “Qəbələ”nin bu həmləsi gözlənilən nəticəni verməyib. Tsxadadze etiraf edib ki, bu sistem hələlik özünü doğrultmur: “Oyunumuz elə qurulmuşdu ki, cinahlardan mərkəzə – bu iki hücumçuya asmalar edilməli və onlar da bu ötürmələri qola çevirməli idilər. İkisinin birlikdə təxminən 4 real qol şansı oldu, lakin fərqlənə bilmədilər. Təəssüf ki, planımız işləmədi. Ötən mövsümdəki kimi kombinasiyalı oyunumuz yoxdur, hələlik yalnız cinah asmaları vasitəsilə istədiyimizə çatmağa çalışırıq”.
Bununla belə, baş məşqçi komandanın potensialına inandığını, lakin yeni heyətin adaptasiyası və oyun əlaqələrinin qurulması üçün zamana ehtiyac olduğunu vurğulayıb.
Ardıcıl ikinci məğlubiyyət və uğursuz oyun Qəbələ azarkeşlərinin də səbr kasasını daşırıb. Görüşün gedişində və sonunda tribunalardan səslənən istefa şüarları mətbuat konfransının da əsas mövzularından birinə çevrilib.
Azarkeşlərlə komanda arasındakı bağların qopması və istefa çağırışları ilə bağlı verilən suallar mütəxəssisi nəzərəçarpacaq dərəcədə narahat edib. O, “Azarkeşlərin hər məğlubiyyətdən sonra istefa tələb etməyə tam haqqı var” deməklə kifayətlənib. “Aranızdakı qarşılıqlı inamın sarsılması sizi narahat etmirmi?” sualına isə Tsxadadzenin cavabı sadəcə “Təşəkkür edirəm” olub və o, bununla da konfransı yekunlaşdırıb.