Niderland səfərindən istədiyi nəticə ilə dönən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Tvente” üzərindəki 1:0 hesablı qələbəni şərh edib. UEFA Konfrans Liqasının qrup mərhələsi yolunda üstünlük qazanan Ağdam klubunun çalışdırıcısı komandasının əzmkar oyununa yüksək qiymət verərək qarşıdakı hədəflərdən danışıb.
Təcrübəli mütəxəssis komandasının Ensxededəki çıxışından məmnunluğunu ifadə edərək, bu nəticənin hələ mərhələni adlamaq üçün kifayət etmədiyini vurğulayıb: “İlk növbədə, futbolçularımı təbrik edirəm. Onlar meydanda çox yaxşı və taktiki cəhətdən savadlı mübarizə apardılar. Uşaqlar bu qələbə üçün böyük güc sərf etdilər. Biz artıq üçüncü dəfədir ki, bu stadionda oynayırıq və hər dəfə buradakı futbol ab-havasından, azarkeşlərdən və ümumilikdə oyundan böyük zövq alırıq. Buna görə də rəqib komandanın fanatlarına təşəkkür edirəm. Təbii ki, matç boyu bir saniyə belə dəstəyini əsirgəməyən öz azarkeşlərimizə də xüsusi minnətdarlığımı bildirirəm”.
Baş məşqçi cavab matçı öncəsi komandanın tam konsentrasiya olmalı olduğunu qeyd edib: “Səfərdə qalib gəldik, lakin unutmamalıyıq ki, bu, qarşıdurmamızın sadəcə ilk hissəsidir. Həlledici ikinci hissə Bakıda olacaq. İki görüşün yekununa əsasən qələbə qazanmaq və qrupa düşmək üçün evdə daha diqqətli, nizam-intizamlı oynamalıyıq. Əminəm ki, Bakıda da hər kəsi çox maraqlı oyun gözləyir və biz doğma meydanda azarkeşlərimizi yenidən sevindirə biləcəyik”.