Niderlandın “Tvente” klubunun baş məşqçisi Con van den Brom və yarımmüdafiəçisi Ramiz Zerruki UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk matçdan öncə mətbuat konfransında iştirak ediblər. Həm mütəxəssis, həm də futbolçu Ağdam təmsilçisinin gücünə bələd olduqlarını və onları gərgin mübarizənin gözlədiyini vurğulayıblar.
Mətbuat konfransında ilk olaraq söz alan Ramiz Zerruki, qarşıdakı matçın komandada böyük ajiotaj yaratdığını qeyd edib. O, Avropa Liqası ilə vidalaşmalarından da danışıb: “Biz bu səviyyəyə çatmaq üçün çox və gərgin çalışdıq. Avropa Liqasına vəsiqə qazana bilməməyimiz məyusluq yaratdı. ‘Ferentsvaroş’la evdə yaxşı oynasaq da, səfərdə öz səviyyəmizi göstərə bilmədik. İndi isə bütün diqqətimizi Konfrans Liqasına yönəltməliyik. Hazırda buradayıq və ‘Qarabağ’a qarşı tam hazırıq. Rəqib futbol oynamağı sevən və meydanda futbol həlləri axtaran təcrübəli bir komandadır. Əsl güc nisbətinin necə olduğunu isə sabah meydanda görəcəyik”.
Baş məşqçi Con van den Brom “Qarabağ”la matçları “iki final” kimi dəyərləndirərək, rəqibin onun üçün yad olmadığını xatırladıb: “Bizi qarşıda ‘Qarabağ’la finala bərabər iki oyun gözləyir. Bu komanda mənim üçün yeni rəqib deyil. Polşanın ‘Lex’ klubunu çalışdırarkən Azərbaycan təmsilçisi ilə qarşılaşmışam. Ağdam klubunun son illər Konfrans Liqasından da daha yüksək səviyyələrdə çıxış etməsi elə onların keyfiyyətindən xəbər verir”.
“Qarabağ”ın heyətini və oyun fəlsəfəsini analiz edən niderlandlı mütəxəssis ehtiyatlı davranmalı olduqlarını bildirib: “Rəqibin heyətində fərdi bacarıqları yüksək olan xeyli sayda futbolçu var və bu, indi bir daha təsdiqini tapır. Çox ehtiyatlı olmalıyıq. ‘Qarabağ’ Cənubi Avropa və Cənubi Amerika köklərinə malik oyunçulardan təşkil olunmuş komandadır və məhz bu üslubda oynayırlar. Meydanda topa sahib olmağa xüsusi diqqət yetirirlər”.
Sərfəli nəticə üçün ev sahibi üstünlüyündən yararlanmağın vacibliyini qeyd edən baş məşqçi, komandasının taktiki hədəflərini belə açıqlayıb: “Düşünürəm ki, bizim də şanslarımız mütləq var. Öz oyunumuzu göstərməyə əmin olmalıyıq. Dominantlıq etmək, topa sahib olmaq və azarkeşlərimizin dəstəyi ilə rəqibi geri çəkilməyə məcbur etmək istəyirik. Belə olan halda, gələn həftəki cavab oyunu üçün çox yaxşı başlanğıc mövqeyi yarada bilərik. Ən yüksək nəticəni əldə etmək üçün azarkeşlərimizə ehtiyacımız var. Onlar bir çox ev oyunumuzda olduğu kimi, bizə o həlledici təkanı verə bilərlər”.
Matçın iştirak ərizəsinə toxunan van den Brom, ötən bazar günü Niderland çempionatında “Zvolle”yə qarşı oynayan heyətə güvənəcəyini qeyd edib. O, debüt edən yeni transfer Filip Torvaldsenin də xidmətindən yararlanacağını vurğulayıb: “Filip çoxsaylı fərdi keyfiyyətlərə malik oyunçudur. Əla driblinqi, sürəti var və qol vurmağa köklənib. Bazar günü onun heç nədən qorxmadığını gördük; sadəcə öz işini görür və cəsarətlə hərəkət edir. Bu xüsusiyyəti mənim çox xoşuma gəlir. O, komandamız üçün əla güclənmədir”.