UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda evdə Danimarkanın “Orxus” klubunu qəbul edəcək “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan öncə iddialı danışıb.
Litvalı mütəxəssis komandadakı ab-havanın yüksək olduğunu və ilk matçdakı bir top fərqli məğlubiyyəti aradan qaldırmağın mümkünsüz olmadığını vurğulayıb: “Futbolçularım oyuna tam hazırdır, heç bir problemimiz yoxdur. Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik”.
Dambrauskas rəqibin epizodları dəyərləndirmək bacarığını xüsusi qeyd edib: “İlk matçda yaxşı futbol sərgiləsək də, müəyyən səhvlərə yol verdik. “Orxus” az qol epizodu yaradıb, onları yüksək faizlə reallaşdıran komandadır. Hansı tərəf xırda detalları daha yaxşı təhlil etsə, o da mərhələ adlayacaq”. Komandasının çoxlu qol fürsəti yaratmasından məmnunluğunu ifadə edən baş məşqçi, Bakıdakı küləkli hava şəraitinin oyuna ciddi təsir göstərməyəcəyini də əlavə edib.