İspaniya millisinin bir neçə futbolçusu DÇ-2026-dan öncə verdikləri vədlərə əməl etməyə başlayıblar. Turnirdə çempionluq sevinci yaşadıqdan sonra artıq sözləri əmələ çevirmək vaxtı çatıb.
22 yaşlı yarımmüdafiəçi Pablo Qavi vədinə əsasən saçlarını parlaq çəhrayı rəngə boyayıb. Yeni görünüşünü “Instagram” hesabında paylaşan gənc ulduz fotonun altına “Sözünün ağası” şərhini qeyd edib. Futbolçunun klubu “Barselona” da yarımmüdafiəçinin yeni fotosunu paylaşaraq “Öhdəsindən gəldi. Yenidən xoş gəldin” sözlərini yazıb. Qavinin bu paylaşımına komanda yoldaşı Lamin Yamal başda olmaqla bir çox futbolçu gülüş emojiləri ilə reaksiya verib.
Turnirdən əvvəl İspaniya millisinin bir neçə üzvü zəfər qazanacaqları təqdirdə yeni döymə etdirəcəklərini və ya imiclərini dəyişəcəklərini bildirmişdilər. Finalda Argentina üzərində 1:0 hesablı qələbə qazanaraq kuboku başı üzərinə qaldıran “boğalar”ın heyətində sözünün üstündə duran ilk futbolçulardan biri Mark Kukurelya olub. Təcrübəli müdafiəçi zəfərdən təxminən bir həftə sonra qoluna baş məşqçi Luis de la Fuentenin üzünün təsvir olunduğu döymə həkk etdirib.
Komandanın 19 yaşlı ulduzu Lamin Yamal isə çempionluq halında bığ və sıx saqqal saxlayacağını vəd etmişdi. Gənc hücumçunun bu vədin öhdəsindən nə dərəcədə gələcəyini isə zaman göstərəcək.