Avrokuboklarda bağışlanan hər səhv gec-tez cəzalandırılır. Xüsusilə də təsnifat mərhələsində, burada bir anlıq diqqətsizlik belə oyunun taleyini dəyişə bilər. Polşanın Lublin şəhərində keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşündə “Qarabağ” bunun ən bariz nümunəsini yaşadı.
Matçın startında Kiyev «Dinamo»sunu presinq altında boğan və ard-arda qol imkanlarını boşa verən Qurban Qurbanovun komandası müdafiədəki bircə səhvin bədəlini ağır ödədi. 0:1 hesablı məğlubiyyət azmış kimi, uzatma dəqiqələrində alınan qırmızı vərəqə Bakıdakı cavab matçı öncəsi ağdamlıların işini müdafiə xəttində daha da mürəkkəbləşdirdi.
“Qarabağ” qarşılaşmaya cəsarətli və dominant futbol sərgiləyərək başladı. Ağdam təmsilçisi ilk dəqiqələrdən Ukrayna klubunu öz yarımsahəsinə sıxışdırdı və oyunun ritmini müəyyənləşdirən tərəf oldu. Aleksey Kaşçukun iki dəfə, eləcə də Muaddibin bir dəfə əlverişli mövqelərdən çərçivəyə düşə bilməməsi oyunun psixoloji axarını dəyişdi. Kiyevlilər isə təmsilçimizin cərimə meydançasına daxil olduqları ilk ciddi cəhddəcə hesabı açdılar.
10-cu dəqiqədə Mixavkonun meydanın mərkəzində topu ələ keçirməsindən sonra Brajko cərimə meydançasına asma etdi. Varkonyinin başla uğursuz uzaqlaşdırdığı topu cərimə meydançasında tək qalan Ponomarenko şəbəkəyə göndərdi — 1:0.
Erkən buraxılan qol «Qarabağ»ın oyun planına ağır zərbə vurdu. İlk hissənin sonunadək komanda psixoloji üstünlüyü bərpa etməkdə çətinlik çəkdi. İqor Kostyukun yetirmələri isə müəyyən zaman kəsiyində topa nəzarəti ələ alaraq oyunu öz temposuna salmağı bacardılar. Buna baxmayaraq, fasiləyə az qalmış Kaşçuk künc zərbəsi tirajında növbəti qol fürsətini qaçırdı.
İkinci yarıya da «Dinamo» daha təhlükəli başladı və Herrenın imkanından sonra fərqi artırmağa yaxın oldu.
Matçın sonlarına doğru fiziki yorğunluq öz sözünü deməyə başladı. Yüksək presinqi davam etdirə bilməyən ağdamlılar yenə də 69-cu dəqiqədə bərabərlik qoluna çox yaxınlaşdılar. Muaddibin yaxın məsafədən qapıya ünvanladığı zərbədə «Dinamo»nun gənc qapıçısı Surkis inanılmaz reaksiya göstərərək komandasını mütləq qoldan xilas etdi.
Matçın son dəqiqələrində “Qarabağ”ın yekun hücum dalğası yaratmağa artıq fiziki resursu qalmamışdı. Bunun üzərinə əlavə olunmuş vaxtın ilk dəqiqəsində daha bir zərbə gəldi. Makretskis Kabayevə qarşı təhlükəli müdaxiləsinə görə birbaşa qırmızı vərəqə aldı və Ağdam təmsilçisi görüşü azlıqda başa vurmağa məcbur oldu.
Makretskisin qırmızı vərəqəsi Qurban Qurbanovun cavab matçı öncəsi heyət seçimini çətinləşdirsa da, Lublindəki minimal hesablı yenilgi hələ heç nəyin sonu demək deyil. «Qarabağ» Bakıdakı cavab görüşündə mərhələ adlamaq üçün bütün imkan və şanslarını saxlayır.
UEFA Konfrans Liqası. III təsnifat mərhələsi, ilk oyun
«Dinamo» (Kiyev, Ukrayna) – «Qarabağ» (Azərbaycan) 1:0
Qol: Ponomarenko, 10
Sarı vərəqələr: Dubinçak (14), Kendzera (81), Şaparenko (95) – Silva (94)
Qırmızı vərəqə: Makretskis (90+1, kobud oyun)
Hakim: Morten Kroq (Danimarka)
Stadion: «Lüblin Arena» (Lüblin, Polşa)
«Dinamo»: Surkis, Dubinçak (Tımçık, 69), Mixavko, Kendzera, Sıç, Rubçinski, Brajko, Reduşko (Kabayev, 80), Lonveyk (Şaparenko, 69), Gerrero (Voloşin, 69), Ponomarenko «Qarabağ»: Koxalski, Cəfərquliyev (Lanqa, 75), Varkonyi, Silva, Makretskis, Yankoviç (Montiyel, 79), Bikalyo (Lobato, 75), Zubir, Sefas (Qurbanlı, 62), Muaddib, Kaşçuk (Kadi, 62)