Danimarkanın AGF (Orxus) klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Lex” (Poznan) komandasına qarşı möhtəşəm geridönüş edərək növbəti mərhələyə yüksəlib. İlk oyunda 1:4 hesabı ilə məğlub olan Danimarka çempionu cavab qarşılaşmasında üstünlüyü ələ alaraq penaltilər seriyasında qələbə qazanıb.
İndi isə AGF-ni III təsnifat mərhələsində Azərbaycan çempionu “Sabah”la iki oyunluq duel gözləyir. Komandanın baş məşqçisi Yakob Poulsen “Viaplay”a açıqlamasında bu dəfə işlərini son ana saxlamaq istəmədiklərini bildirib: “Əgər cavab oyununa 1:4 hesablı məğlubiyyətlə çıxırsınızsa, hər dəfə vəziyyəti xilas edə biləcəyinizə zəmanət yoxdur. Məhz buna görə də ‘Sabah’la ilk matçda məqsədimiz cavab görüşü öncəsi özümüz üçün mümkün qədər əlverişli nəticə qazanmaqdır”.
Püşkün nəticələrinə əsasən, AGF “Sabah”ı keçəcəyi təqdirdə Çempionlar Liqasının pley-offunda Belqrad “Srvena Zvezda”sı, uğursuzluq zolağına düşüb Avropa Liqasına keçəcəyi halda isə Portuqaliya nəhəngi “Benfika” ilə qarşılaşa bilər.
Təcrübəli mütəxəssis püşkü komandası üçün əlverişli hesab etmədiyini gizlətməyib və komandasını gözləyən potensial rəqibləri belə dəyərləndirib: “Bundan daha çətin püşk təsəvvür etmirəm. Bu komandaların son illərdə Avropada qazandığı uğurlara baxmaq kifayətdir. Çempionlar Liqasında asan rəqib olmayacağını bilirdik. Amma hazırda bütün diqqətimiz “Sabah”dadır. Növbəti mərhələ barədə yalnız bu raundu keçəndən sonra düşünəcəyik”. Poulsen, həmçinin, “Sabah”a qarşı hazırlığın ölkə çempionatındakı oyunlardan fərqli olduğunu vurğulayıb: “Milli çempionatda ildə 2-6 dəfə üz-üzə gəldiyin komandalara qarşı oynamaq daha rahatdır. Amma tamamilə unfamiliar (tanış olmayan) rəqibə hazırlaşmaq da çox marqlı və həyəcanlıdır. Azərbaycan futboluna dair videoanalizlərimiz var. Lakin bu, üzərimizə böyük məsuliyyət qoyur — əgər rəqib meydanda gözlədiyimizdən fərqli taktika tətbiq etsə, oyungedişində dərhal çevik dəyişikliklər etməyi bacarmalıyıq”.
Poulsen “Sabah”ın müdafiədə intizamlı, hücumda isə təhlükəli komanda olduğunu vurğulayıb: “Onlar təsadüfən çempion olmayıblar. Həmin mövsümdə Çempionlar Liqasında çıxış edən “Qarabağ” kimi güclü komandanı geridə qoyaraq ölkə çempionu olublar. Bu da qarşılaşacağımız rəqibin səviyyəsindən xəbər verir. Düşünürəm ki, “Sabah” çox yaxşı təşkilatlanmış komandadır. Hücumlarının əsas yükünü dörd futbolçu daşıyır. Müdafiədə isə dördlü xətt və iki mərkəz yarımmüdafiəçisi oyunu düzgün qurmağa, eyni zamanda rəqibin qol epizodları yaratmasını maksimum dərəcədə çətinləşdirməyə çalışır”.