Beynəlxalq futbolda görünməmiş böhran yetışır. UEFA Canni İnfantinonun FİFA prezidentliyindən devrilməsi və təşkilatın fəaliyyətinin paraliz olunması üçün genişmiqyaslı plan hazırlayıb.
“The Times” nəşrinin yaydığı məlumata görə, UEFA (Avropa), KOKAKAF (Şimali və Mərkəzi Amerika) və AFC (Asiya) FİFA-nın mövcud siyasətindən narazıdır.
İnfantino istefa verməyəcəyi təqdirdə, üç qitə konfederasiyası FİFA-nın fəaliyyətini dondurmaq üçün bir sıra kəsərli addımlar atmağı planlaşdırır. İlk növbədə, ali futbol qurumunun Şurası və müxtəlif komitələrinin iclasları boykot ediləcək, bununla da FİFA-nın yeni strateji qərarlar qəbul etmək imkanları tamamilə bloklanacaq. Paralel olaraq, FİFA-ya rəqib olacaq alternativ dünya çempionatı və ya klublararası dünya çempionatının təşkili gündəmə gətirilib. Artıq UEFA-nın Qlobal Millətlər Liqası layihəsinə də digər konfederasiyalardan ciddi dəstək verildiyi bildirilir.
*”TalkSport”*un iddiasına görə, UEFA prezidenti Aleksander Çeferin və PSJ-nin rəhbəri Nasser Əl-Xelaifi artıq FİFA Klublararası Dünya Çempionatının boykot olunması imkanlarını müzakirə edirlər.
Xəbərdə bildirilir ki, İnfantinoya inamsızlığın əsas səbəbi Dünya Çempionatının kommersiya gəlirlərinin bir hissəsini satmaq planları olub. Baxmayaraq ki, bu layihədən sonradan imtina edilib, prezidentin nüfuzuna ciddi zərbə dəyib.
“The Sun” nəşrinin məlumatına görə, bu qalmaqaldan sonra FİFA-ya üzv olan 211 milli assosiasiyadan yalnız 15-i İnfantinoya dəstəyini ifadə edib.
İnfantino martda keçiriləcək prezident seçkilərində namizədliyini yenidən irəli sürəcəyi təqdirdə, bu boykot və müqavimət planı rəsmən işə düşəcək.