Niderland futbolunun tanınmış siması Lui van Qal məşqçilik karyerasını bərpa etməyə yaxındır. 74 yaşlı mütəxəssis yenidən ölkə millisini çalışdırmağa hazır olduğunu bildirib.
Dünya çempionatında Niderland yığması 1/16 finalda Mərakeşə penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırdıdan sonra Ronald Kuman istefa verdi. Arne Slot, Peter Bos və Erik ten Haq isə müxtəlif səbəblərdən bu təklifdən imtina ediblər. Yaranmış boşluq fonunda Van Qal Niderland Kral Futbol Assosiasiyası (KNVB) ilə danışıqlara açıq olduğunu açıqlayıb.
Karyerası ərzində üç dəfə Niderland millisini çalışdıran təcrübəli mütəxəssisin ən böyük uğuru 2014-cü il dünya çempionatında qazanılan bürünc medal olub. Bununla belə, o, indiyədək komandanı Avropa çempionatında meydana çıxarmayıb. Məhz bu amilin Van Qalın milli komandaya qayıtmaq istəyində mühüm rol oynadığı bildirilir.
De Telegraaf nəşrinin məlumatına görə, Van Qal xərçəng xəstəliyindən sonra sağlamlığını tam bərpa edib və özünü yaxşı hiss edir. Bundan əlavə, milli komandadakı iş rejiminin klub futbolundakı kimi gündəlik gərginlik tələb etməməsi də onun bu vəzifəyə marağını artırır.
Təcrübəli çalışdırıcı KNVB rəhbərliyinə ilk addımı özünün atmayacağını, təklifin federasiyadan gəlməli olduğunu vurğulayıb. Əks halda o, digər komandalardan daxil olacaq təklifləri də nəzərdən keçirəcək.
Qeyd edək ki, Niderland millisi növbəti oyununu sentyabrın 24-də Almaniyaya qarşı keçirəcək. Həmin qarşılaşma Yurgen Kloppun Almaniya yığmasının baş məşqçisi kimi debütü olacaq.