İsveç təmsilçisi “Höteborq”un UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlməsi böyük qalmaqalla kölgələnib. Estoniyanın “Levadiya” klubu ilə Tallində keçirilən matçdan sonra qonaq komandanın azarkeşləri stadiona ciddi ziyan vurublar.
“Levadiya”nın baş direktoru Yevgeni Qurtsiqluyants mətbuata açıqlamasında qonaq sektorunda yerləşən tualetlərin demək olar ki, tamamilə yararsız hala salındığını bildirib. Azarkeşlər bununla kifayətlənməyərək tribunadan “İnfrastruktura görə təşəkkürlər” yazılmış sarkastik bir baner asıblar.
Estoniya Futbol Assosiasiyası dəymiş ziyanın “xeyli böyük” olduğunu, hazırda təmir xərclərinin hesablandığını və faturanın “Höteborq”a göndəriləcəyini bəyan edib. Hadisə ilə bağlı artıq Estoniya polisinə rəsmi şikayət edilib və UEFA nümayəndəsi məlumatlandırılıb.
Baş verənlərdən sonra İsveç klubu rəsmi saytı vasitəsilə bəyanat yayaraq azarkeşlərinin davranışını kəskin şəkildə qınayıb: “Tallində yaşananlar klubumuzun dəyərlərinə tamamilə ziddir. Bir neçə nəfərin məsuliyyətsiz addımı “Höteborq”a həm maliyyə, həm də idman nöqteyi-nəzərindən nüfuzuna ciddi zərbə vurur. Bu, təmsil olunmaq istədiyimiz imic deyil”.
Ötən mövsüm digər İsveç təmsilçisi AİK də Estoniyanın “Payde” komandası ilə oyunda azarkeşlərinin törətdiyi iğtişaşlara və pirotexnikadan istifadəyə görə UEFA tərəfindən təxminən 35 min ABŞ dolları məbləğində cərimələnmiş, həmçinin səfər matçlarına azarkeş aparmaqla bağlı şərti qadağa almışdı. “Höteborq”u da oxşar və ya daha ağır sanksiyaların gözlədiyi vurğulanır.
Xatırladaq ki, iki oyunun nəticəsinə görə “Levadiya”nı 4:3 hesabı ilə üstələyən “Höteborq” Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.