Dünya Çempionatını 4-cü pillədə başa vuran Fransa yığmasının ulduzu Kilian Mbappə turnirdən sonra azarkeşlərinə duyğusal məktub ünvanlayıb. Turnirdə vurduğu 10 qolla mundialın bombardiri olan təcrübəli hücumçu komandanın çıxışını qiymətləndirib. Fransasızlar 3-cü yer uğrunda gərgin keçən son matçda İngiltərəyə 4:6 hesabı ilə məğlub olublar.
Fransa formasını qürurla daşıdığını bildirən Mbappə azarkeşlərə təşəkkür edib: “Bütöv bir ay boyunca yaşatdığınız hisslərə, göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. İnanılmaz bir hekayə yaşadıq. Təəssüf ki, evə kubokla qayıda bilmədik. Bu, çox ağrılıdır və bu ağrı hələ uzun müddət bizi tərk etməyəcək və bunu gizlətməyəcəyəm.
Turnirin bombardiri titulunu qürurla qəbul edirəm, lakin bu fərdi uğuru komanda kubokuna dəyişmək çox daha xoş olardı. Biz sizə daha yaxşı bir final borclu idik, lakin hekayənin sonunu hər zaman seçmək olmur. Biz yalnız nə qədər güc qoyacağımıza qərar verə bilərdik və meydanda hər şeyimizi verdik, bununla qürur duyuruq”.
Mbappə baş məşqçi Didye Desşam və görünməz qəhrəmanlara da xüsusi təşəkkür edib: “Didyeyə nə istədiyimi artıq demişəm, o, hər şeyi bilir. Baş məşqçiyə, bütün məşqçilər korpusuna, həkimlərə, fizioterapevtlərə və pərdəarxasında çalışan, onların əməyi olmadan heç nəyin mümkün olmayacağı hər bir kəsə təşəkkür edirəm. Bu Dünya Çempionatı başa çatdı, lakin hekayə davam edir”.