UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Finlandiyanın “KuPS” klubunun qonağı olacaq “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyunöncəsi təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Bakıdakı ilk matçda 1:0 hesablı qələbə qazanan Masazır təmsilçisinin çalışdırıcısı səfər matçının çətin keçəcəyini vurğulayıb.
Litvalı mütəxəssis Bakıdakı minimal üstünlüyə baxmayaraq, cütün taleyinin hələ həll olunmadığını bildirib: “Finlandiyada olduğumuza görə çox şadıq. İlk qarşılaşmadan sonra hesab arasındakı fərq çox azdır və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı qalır. Bakıdakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verə bilər. Lakin eyni zamanda anlayırıq ki, Çempionlar Liqasında və ümumiyyətlə, avrokuboklarda səfərdə keçirilən heç bir oyun asan olmur. Meydan sahiblərinin yüksək motivasiya ilə meydana çıxacağını və bütün güclərini qoyacağını bilirik. “Sabah” da onların mübarizə tempinə uyğun cavab verməli, öz oyununu nümayiş etdirməlidir”.
Dambrauskas komandasının potesialına inandığını və rəqibin çempionluq xarakterinə xüsusi hörmətlə yanaşdıqlarını qeyd edib: “Komandamızın necə oynaya bildiyini yaxşı bilirik. Sabah özümüzün ən yaxşı performansını göstərməliyik və inanıram ki, bunu bacarsaq, növbəti mərhələyə adlayacağıq.
“KuPS” Finlandiya çempionudur. Ölkəsindən və səviyyəsindən asılı olmayaraq, çempion olmaq üçün xüsusi nəsə etmək lazımdır. Milli liqanı qazanmaq çox çətin tapşırıqdır. Çempiona qarşı oynayanda bilirsən ki, onlar heç vaxt təslim olmurlar. Rəqib qol vurmağı, hücum etməyi, müdafiə olunmağı və sonadək döyüşməyi yaxşı bacarır. Bu səbəbdən bizi çox güclü, mütəşəkkil və yaxşı hazırlaşmış komandaya qarşı çətin sınaq gözləyir”.
“KuPS” – “Sabah” qarşılaşması iyulun 28-də Kuopio şəhərindəki “Väre Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.