ABŞ, Kanada və Meksikada təşkil olunan mundialı qalmaqallarla yadda qaldı. FİFA prezidenti Canni İnfantino turnirin ünvanına səslənən ittihamlara münasibət bildirərək tənqidçiləri “nifrət yağdırmaqda” günahlandırıb.
Siz nifrət yağdıranda, biz şou yaradırdıq
FİFA rəhbəri sosial şəbəkə hesabında turniri tənqid edənlərə kəskin müraciət edib: “Uşaqların, valideynlərin və nənə-babaların bu gözəl oyundan həzz almaq üçün bir yerə toplaşmasını görməzdən gələnlərə təəssüf edirəm. Nifrət və kritik yanaşmanız o qədər önə keçdi ki, bütün bu bayram əhval-ruhiyyəsini qaçırdınız. Qələm və ya ekran arxasında yalan şayiələr yayanlar kölgədə oturduğu halda, biz FİFA olaraq dünyanın ən böyük şousunu təşkil etmək üçün yorulmadan çalışırdıq”.
Trampın zəngindən viza böhranı və faciəyə: Mundialın əsas qalmaqalları
Mundial ərzində diqqət mərkəzində olan ana qalmaqallara ilk növbədə Donald Trampın müdaxiləsi və Folarin Baloqun olayı damğasını vurdu. ABŞ millisinin hücumçusuna göstərilən qırmızı vərəqəyə Trampın şəxsən İnfantinoya zəng edərək etiraz etməsindən sonra cəza ləğv olundu və futbolçu Belçikaya qarşı vacib matçda meydana çıxmaq imkanı qazandı. Turnirin təşkilati tərəfində isə somalili hakim Ömər Artan və Kabo-Verde yığmasının qapıçısı Vozinyanın anası da daxil olmaqla, bir çox şəxsə ABŞ vizasının verilməməsi böyük narazılıq doğurdu. FİFA rəhbəri isə bu ittihamlara milyonlarla azarkeşin viza almasını xatırlatmaqla cavab verib.
Bununla yanaşı, hər matçdan sonra ABŞ-dən Meksikaya qayıtmaq məcburiyyətində qalan İran milli komandası turniri “tam fəlakət” kimi qiymətləndirib. Mundialın ən ağır məqamı isə meksikalı azarkeşlərin Ekvador üzərindəki qələbəni qeyd etməsi zamanı 4 nəfərin həlak olması olub. Lakin yaşanan bu faciəyə rəğmən, İnfantino turnir boyu təhlükəsizliyin 100 faiz təmin olunduğunu iddia etməkdə davam edib.
Hakim qərarları və FİFA-nın mövqeyi
Baloqun məsələsinin adını birbaşa çəkməsə də, mübahisəli hakim qərarlarını müdafiə edən FİFA prezidenti oxşar halların böyük liqalarda da yaşandığını vurğulayıb: “Mübahisəli hakim qərarları, yanlış vərəqələr və ya cəzaların sonradan ləğvi dünyanın aparıcı liqalarında adi və qəbulolunan bir praktikadır”.