Almaniyanın “Kayzerslautern” klubuna məxsus olan Azərbaycan millisinin 29 yaşlı hücumçusu Mahir Emreli karyerasını yenidən Polşada davam etdirəcək. Təcrübəli forvard 2026/2027 mövsümünün sonunadək satınalma opsiyası ilə icarə əsasında “Rakuv”un şərəfini qoruyacaq.
Milli komandada 61 matç keçirən, “Bakı” klubunun yetirməsi, “Qarabağ”da 5 dəfə ölkə çempionu və 2 dəfə bombardir olan Emrelinin bu transferi Polşa mətbuatında böyük rezonans doğurub. Mətbuat onun 2021–2022-ci illərdə “Legiya”da çıxış etdiyini və azarkeşlərin klub avtobusuna hücumundan sonra komandadan qalmaqallı şəkildə ayrıldığını yada salıb. “Legiya”dan sonra “Dinamo” (Zaqreb), “Konyaspor”, “Nürnberq” və “Kayzerslautern”də çıxış edən hücumçunun Polşaya dönüşü yerli futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Transferdə maraqlı bir tarixi məqam da diqqət çəkir. Dəqiq 5 il əvvəl – 2021-ci il iyulun 17-də Emreli “Legiya”nın heyətində Polşa Superkubokunda məhz “Rakuv”a qol vurmuşdu (1:1, penaltilərlə 3:4). Həmin matçda “Rakuv”un qoluna imza atan Fran Tudor hazırda komandanın kapitanıdır və həmin heyətdən klubda qalan yeganə futbolçudur.
Yenidən Polşaya qayıtmağın onda nostalji hisslər oyatdığını bildirən Emreli keçid səbəblərini və təəssüratlarını bölüşüb: “Başqa təkliflərim də var idi. Lakin “Rakuv”un daxili çempionatda və avrokuboklardakı uğurları, həmçinin bu mövsüm Konfrans Liqasında mübarizə aparacağı qərarıma birbaşa təsir etdi. Ekstraklasanın səviyyəsi Almaniyanın 2-ci Bundesliqasından üstündür. Komandanın topa nəzarətə əsaslanan futbol üslubu bir hücumçu kimi mənim zövqümə tam uyğundur.”
Hücumçu yeni kollektivindəki mühitdən və adaptasiya prosesindən də söz açıb:
“Məni klubda rəhbərlikdən tutmuş futbolçulara qədər hər kəs böyük hörmətlə qarşıladı. ‘Kayzerslautern’də məşqlərimi davam etdirsəm də, ‘Rakuv’la toplanış keçirməmişəm. Artıq yeni komandamla bir neçə məşqə çıxmışam. ‘Rakuv’un əsas gücü fərdi keyfiyyətlərdə deyil, kollektiv mübarizə ruhundadır. Məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirərək bu sistemə tezliklə uyğunlaşmağa çalışacağam.” Müqavilənin son anda rəsmiləşməsi səbəbindən Emreli UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Maltanın “Valletta” klubuna qarşı keçiriləcək oyunlar üçün iştirakçı ərizəsinə salınmayıb. “Rakuv” bu səddi keçəcəyi təqdirdə, təcrübəli forvard 3-cü təsnifat mərhələsindən etibarən avrokubok matçlarına sifariş olunacaq.