“Sabah”ın hücumçusu Coy-Lens Mikkels mətbuata açıqlamasında sabah Çemionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “KuPS”a qarşı keçirəcəkləri ilk oyunu dəyərləndirib.
Rəqibin güclü olduğunu vurğulayan 29 yaşlı forvard qarşıdurmaya hazır olduqlarını bildirib: “KuPS”a qarşı bizi maraqlı oyunlar gözləyir. Rəqibi təhlil etmişik və əlimizdən gələni edəcəyik. Komanda olaraq qələbə qazanmağa gücümüz çatır, buna inanıram”.
Meydandakı mövqeyindən də söz açan hücumçu rəqabətin faydalı olduğunu qeyd edib: “Baş məşqçi harda tapşırsa, orada oynamağa hazıram. Lakin hücumun ön xəttində özümü daha rahat hiss edir və komandaya daha çox fayda verdiyimi düşünürəm. Burada ciddi rəqabət var və bu, məni daha da motivasiya edir. Əsas heyətdə yer almaq üçün daha çox qol vurmalıyam”.