2030-cu ildə keçiriləcək Dünya Çempionatı bir çox cəhətdən tarixə düşəcək. İlk dəfə olaraq mundiala iki fərqli qitənin üç ölkəsi – İspaniya, Portuqaliya və Mərakeş birgə ev sahibliyi edəcək. Lakin turnirin unikallığı bununla bitmir.
FİFA Şurasının yekdil qərarı ilə, ilk Dünya Çempionatının 100 illik yubileyi şərəfinə qrup mərhələsinin üç matçı Cənubi Amerikada – Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Bu qərar 1930-cu ildə Montevideoda baş tutan və ev sahibi Uruqvayın finalda Argentinanı məğlub etdiyi ilk mundialın tarixinə ehtiram əlaməti olaraq qəbul edilib.
Ev sahibi və ortaq təşkilatçı statuslarına görə artıq altı ölkə DÇ-2030-da iştirakını rəsmən təmin edib. Belə ki, turnirin əsas ev sahibləri olan İspaniya, Portuqaliya və Mərakeşlə yanaşı, ilkin mərhələnin ortaq təşkilatçıları kimi Uruqvay, Argentina və Paraqvay yığmaları da mundialda birbaşa iştirak hüququ qazanıblar.
Planlaşdırmaya əsasən, Cənubi Amerika təmsilçiləri qrup mərhələsinin ilk matçlarını öz doğma meydanlarında oynayacaq, daha sonra isə digər komandalar kimi turnirin qalan hissəsi üçün İspaniya, Portuqaliya və Mərakeşə yollanacaqlar. Bibaşa vəsiqələrin verilməsinin Cənubi Amerika (CONMEBOL) seçmə mərhələsinin formatına necə təsir edəcəyi isə hələlik maraqla gözlənilir.
Hazırkı çempion İspaniya həm titulunu qorumağa, həm də final matçının Madriddə keçirilməsinə çalışır. Lakin Mərakeş də həlledici oyuna ev sahibliyi etmək iddasındadır. DÇ-2030-da iştirak edəcək komandaların dəqiq sayı hələ də müzakirə mövzusudur. FİFA prezidenti Canni İnfantino turnirdə 64 komandanın iştirak edəcəyini istisna etməyib.