Klublamızı üçün avrokuboklarda püşkatma marafonu davam edir. Avropa Liqası ilə yanaşı, bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Konfrans Liqasının (KL) 3-cü təsnifat mərhələsinin də püşkü atılacaq. Mərasimdə təmsilçilərimiz “Neftçi” və “Zirə” ilə yanaşı, Avropa Liqasındakı çempionumuz “Qarabağ”ın da bu turnirdəki mümkün rəqibləri müəyyənləşəcək. Bu mərhələnin qarşılaşmaları avqustun 6-sı və 13-də keçiriləcək.
Püşkatma öncəsi hər üç komandamız səpilməmişlər səbətində yer alıb. UEFA-nın püşk öncəsi komandaları qruplara bölməsi ilə təmsilçilərimizin potensial rəqib siyahısı tam dəqiqləşib.
“Neftçi” 4-cü qrupda: Çətin rəqiblər var
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubu ilə qarşılaşacaq “Neftçi” püşkatmada 4-cü qrupda qərarlaşıb. “Ağ-qaralar”ın bu mərhələni keçəcəyi təqdirdə qarşılaşa biləcəyi potensial rəqiblər bu cütlüklərin qalibləridir:
“Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya)
“Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan)
“Lugano” (İsveçrə) – “Dukadjini” (Kosovo)
AEK Larnaka (Kipr) – “Beytar” (İsrail)
“Zirə” 5-cü qrupda: Vyanadan Kopenhagenə qədər…
Turnirin 2-ci mərhələsində Estoniyanın “Payde” komandası ilə üz-üzə gələcək “Zirə” isə 5-ci qrupda yer alıb. Qəsəbə təmsilçisinin turnirin 3-cü mərhələsindəki mümkün rəqibləri bu cütlərin güclüləri olacaq:
“Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya)
“Santa-Koloma” (Andorra) – “Rapid” (Vyana, Avstriya)
“Rakuv” (Polşa) – “Valletta” (Malta)
“Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya)
“Polesye” (Ukrayna) – “Kopenhagen” (Danimarka)
“Qarabağ” üçün B planı: 2-ci qrup
Avropa Liqasının 2-ci mərhələsində Bolqarıstan ÇSKA-sına uduzacağı təqdirdə mübarizəni Konfrans Liqasında davam etdirəcək “Qarabağ” da püşkatmada səpilməmişlər sırasındadır. 2-ci qrupda yer alan Ağdam klubunun KL-dəki potensial rəqibləri bunlardır:
KL-in 2-ci mərhələsinin qalibləri: FKSB (Rumıniya) – “Auda” (Latviya) və ya “Dinamo” (Tbilisi, Gürcüstan) – “Jalgiris” (Litva);
Avropa Liqasının 2-ci mərhələsinin məğlubları: “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) və ya “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan). Bakı vaxtı ilə saat 16:00-da başlayacaq püşkatmada bütün təmsilçilərimizə uğurlu püşk və qələbələr arzulayırıq!