“Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununu (1:2) şərh edib. Gəncə təmsilçisinin çalışdırıcısı yeni mövsümün hazırlıq planına uyğun olaraq ilk mərhələni tamamladıqlarını bildirib və qarşılaşma barədə fikirlərini bölüşüb: “Hazırlıq dövrünün ilk mərhələsinin sonunda ‘Qəbələ’ ilə qüvvəmizi sınadıq. İlk yarıda əsas heyət üzvlərinə şans verdik. Futbolçular tapşırıqları yerinə yetirmək üçün əzmlə çalışdılar və ümumilikdə pis təsir bağışlamadılar. İkinci hissədə isə akademiyamızın yetirmələri olan gənc oyunçuları meydana buraxdıq. Onlardan bəziləri əsas komandada ilk matçına çıxırdı. Təbii ki, həyəcan var idi və bu, tamamilə normaldır. Buna baxmayaraq, gənclərimiz özlərini ən yaxşı tərəfdən göstərməyə can atdılar”.
Azər Məmmədov komandadakı boşluqları doldurmaq üçün transfer bazarına üz tutacaqlarını qeyd edib: “Önümüzdə hələ bir neçə yoxlama görüşü var. Məqsədimiz hər oyunda daha da inkişaf etmək, çatışmazlıqları aradan qaldırmaq və komanda oyununu təkmilləşdirməkdir.Keçirdiyimiz bu son matç bizə bəzi mövqeləri mütləq gücləndirməli olduğumuzu göstərdi. Hazırda məhz həmin boşluqları doldurmaq üçün transferlər üzərində aktiv şəkildə işləyirik. İnanıram ki, heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı qura biləcəyik”.