Dünya çempionatının startındakı Kabo-Verde uğursuzluğundan sonra İspaniya millisi üçün Səudiyyə Ərəbistanı ilə qarşılaşma ölüm-dirim savaşı xarakteri daşıyırdı. Məğlubiyyət “Qırmızı Furiya”nı pley-off şanslarından məhrum edə bilərdi. Bu təzyiq altında Luis de la Fuente start heyətində ciddi rotasiyalara əl atdı: Llorente, Ruis, Qavi və Torresin əvəzinə meydana Porro, Olmo, Baena və Yamal çıxdı. Xüsusilə “Barselona”nın 18 yaşlı vingeri Lamin Yamalın partlayıcı sürəti və cəsarəti İspaniya hücumlarına axtarılan dinamikanı qazandı.
Matçın ilk dəqiqələrindən rəqib müdafiəni darmadağın edən Yamal, 10-cu dəqiqədə Oyarzabalın ötürməsini qola çevirərək hesabı açdı. Bu qoldan sonra səhnəyə elə Oyarzabalın özü çıxdı. O, cəmi 15 dəqiqə ərzində dubl edərək matçın taleyini erkən həll etdi. Hücumçunun het-trik etmək cəhdlərindən biri qapıdan azca aralı keçdi, digərində isə rəqibi dirək xilas etdi.
İkinci hissənin startında De la Fuente Yamal və Oyarzabala istirahət versə də, İspaniyanın təzyiqi azalmadı. 49-cu dəqiqədə Kukurelyanın zərbəsindən sonra Səudiyyə Ərəbistanının müdafiəçisi Tambakti topu öz qapısına göndərdi – 4:0. Oyunun qalan hissəsini tam nəzarətdə saxlayan ispanlar, Ferran Torreslə daha bir qol tapsalar da, ofsayd səbəbindən ləğv edildi. Oyunboyu müdafiəyə çəkilən “Ərəb şahinləri” isə yalnız matçın sonunda Əl-Həmdanın qapıçı Unai Simon üçün məşq xarakterli zərbəsi ilə yadda qaldı.
Bu qələbə ilə İspaniya qrupdan çıxmaq şanslarını xeyli yaxşılaşdırdı. İyunun 27-də keçiriləcək qrupun həlledici son turunda İspaniya Uruqvayla, Səudiyyə Ərəbistanı isə Kabo-Verde ilə üz-üzə gələcək.
Dünya kuboku. H qrupu, 2-ci tur.
İspaniya – Səudiyyə Ərəbistanı 4:0
Qollar: Yamal, 10; Oyarzabal, 21, 24; Tambakti, 49 (avtoqol).
Hakim: Rafael Klaus (Braziliya).
İspaniya: Simon – Kukurelya, Laport, Kubarsi, Porro – Rodri, Pedri (Ruis, 71) – Baena (Uilyams, 61), Olmo (Merino, 61), Yamal (Pino, 46) – Oyarzabal (Torres, 46)
Səudiyyə Ərəbistanı: Əl-Oveis – Əl-Harbi, Əl-Amri (Heçi, 61), Lacami, Tambakti, Əbdülhəmid – Əl-Cuveyr (Əl-Həmdan, 46), Əl-Xeybəri (Kanno, 46), N. Əl-Dovsari (Əl-Qənnam, 90) – S. Əl-Dovsari, Əl-Bureykan (Əl-Şamat, 61)
Xəbərdarlıqlar: S. Əl-Dovsari, 30; Kanno, 60.
Stadion: “Mersedes-Bens Stedium” (Atlanta)