DÇ-2026-ya qələbə ilə başlayan Norveç yığması, qidalanma məsələsinə olduqca ciddi yanaşır. “The Sun” nəşri xəbər verir ki, skandinaviyalılar ABŞ-dakı bazalarına 400 kiloqramdan ənənəvi ərzaqlarını gətiriblər. Məqsəd futbolçuların yerli mətbəxdən asılılığını minimuma endirmək və kəskin rasion dəyişikliyi səbəbindən yarana biləcək mədə-bağırsaq problemlərinin qarşısını almaqdır.
Oslodan 6400 kilometrdən çox uzaqlıqda yerləşən Qrinsboro Universitetində (UNC Greensboro) məskunlaşan komandanın qidalanmasına milli komandada 35 illik təcrübəyə malik baş aşpaz Aron Espeland nəzarət edir. Onun rəhbərliyi altında futbolçulara gündə dörd dəfə yüngül yeməklər təqdim olunur ki, bu rasionun da əsasını gətirilən 300 kiloqram Atlantik qızılbalığı ilə ağ balıq, 116 kiloqram ənənəvi “brunost” qəhvəyi pendiri və 6000-ə yaxın portağal təşkil edir.
Bu xüsusi yanaşma turnirin startında dərhal öz bəhrəsini verib. Belə ki, İraqı 4:1 hesabı ilə darmadağın edən Norveç yığmasında Erlinq Holand dünya çempionatındakı debüt matçını dubl edib. İlk turu uğurla geridə qoyan skandinaviyalılar qrupdakı növbəti oyunda Seneqalla qarşılaçacaqlar.