Fransanın Entoni şəhərində qılıncoynatma üzrə Avropa çempionatı davam edir. Nüfuzlu qitə birinciliyində yığmamız 9 idmançı ilə təmsil olunur.
Millinin heyətində qadın sablyaçıların yarışında Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynova mübarizə aparır. Kişi sablyaçıların turnirində ölkəmizi Murad Əkbərov, Maqsud Hüseynli, Abbas Hüseynli və Saleh Məmmədov təmsil edir. Kişilərin şpaqa yarışlarında isə qüvvəsini sınayan yeganə təmsilçimiz Vahab Fətullayevdir.
Qadın sablyaçılarımız arasında fərdi yarışlarda ən yaxşı nəticəyə Palina Kaspiaroviç imza atıb. O, turniri 23-cü pillədə başa vurub. Kişi sablyaçıların mübarizəsində isə Hüseynli 16-cı yeri tutaraq komandamızın ən uğurlu göstəricisinə nail olub. Şpaqaçımız Vahab Fətullayev isə yekun sıralamada 116-cı qərarlaşıb. Çempionat çərçivəsində bu gün qadınların komanda yarışlarına da yekun vurulub. Gərgin keçən mübarizənin yekununda qadın sablyaçılardan ibarət yığmamız Avropa çempionatını 8-ci yerdə tamamlayıb.
Sabah kişi qılıncoynadanlarımız da komanda yarışlarında mübarizəyə qoşulacaqlar.