Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycanı bu turnirdə təmsil edən və ya bura düşmək ehtimalı olan klublarımızın rəqibləri müəyyənləşib.
Püşkün nəticələrinə əsasən, turnirə birbaşa 2-ci mərhələdən və səpilməmişlər səbəbindən qoşulan “Neftçi” 1-ci təsnifat raundunun “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq və ilk matçını doğma meydanda keçirəcək.
Turnirə 1-ci mərhələdən start verəcək və Gürcüstan “Torpedo”su (Kutaisi) ilə qarşılaşacaq “Zirə” bu səddi adlayacağı təqdirdə, növbəti raundda “Heqelmann” (Litva) – “Payde” (Estoniya) duelinin qalibi ilə üz-üzə gələcək. Qəsəbə təmsilçisi də 2-ci mərhələnin ilk oyununu Bakıda keçirəcək.
Avrokuboklardakı digər iki iddialı klubumuzun taleyi isə yuxarı turnirlərdəki nəticələrdən asılı olacaq. Belə ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində uğursuzluqla üzləşəcəyi təqdirdə yoluna Konfrans Liqasının Çempionlar yolunda davam edəcək “Sabah”ı burada “Flora” (Estoniya) – “İberiya 1999” (Gürcüstan) cütünün məğlubu gözləyir və “bayquşlar” ilk oyuna paytaxtda çıxacaqlar. Avropa Liqasının 1-ci təsnifat mərhələsində büdrəyəcəyi təqdirdə mübarizəni Konfrans Liqasının Əsas yolunda davam etdirəcək “Qarabağ” isə turnirə köçəcəyi təqdirdə “Glentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. Digər üç təmsilçimizdən fərqli olaraq, Ağdam klubu bu ehtimal reallaşarsa, ilk matçını səfərdə keçirməli olacaq.