O, Meksika futbolunun canlı əfsanəsi və əsl rəmzidir. Təcrübəli qolkiper bu günlərdə pərəstişkarlarını kədərləndirən, eyni zamanda qürurverici bir bəyanatla çıxış edib.
“Milli komandadakı dövrüm artıq başa çatır” – deyə 41 yaşlı Gilyermo Oçoa bildirib. Meksikanın müştərək ev sahibliyi etdiyi cari dünya çempionatı “Memo”nun karyerasında ardıcıl 6-cı və sonuncu planetar turnirdir. Az qala bir aydan sonra 41 yaşı tamam olacaq əfsanəvi qapıçı mundialın ardınca böyük futbolla birdəfəlik vidalaşacağını elan edib.
FİФА-nın rəsmi saytına müsahibə verən Oçoa, göz yaşlarını saxlaya bilməyib: “Öz karyeramı milli komandasız təsəvvür edə bilmirəm. Yığma olmasaydı, keçdiyim bu yolun necə olacağını ağlıma belə gətirmirəm. Amma indi mənim üçün millidəki yolun sonudur. Və mən artıq yaşıl meydanlarda oynamağa davam etmək üçün bir səbəb görmürəm”.
Hazırda Meksika yığmasının ehtiyat qapıçısı olan Oçoa, geridə qalan mövsümü Kiprin AEL (Limassol) klubunda keçirib. O, adalıların heyətində 26 rəsmi matçda meydana çıxıb və bu oyunların 6-da qapısını toxunulmaz saxlayıb.
Təcrübəli əlcək sahibi turnirdəki hər andan zövq aldığını vurğulayıb: “Bu çempionatın hər anının dadını çıxarıram. Meydanda hər şeyimi verdim. Futboldan başımı dik tutaraq ayrılacağam. Yaşadığım bu möhtəşəm tarixə görə yalnız qürur hissi keçirirəm”.