“Bavariya”nın 55 yaşlı əfsanəvi futbolçusu Mehmet Şollun evində dəhşətli anlar yaşanıb. “Bild” nəşrinin məlumatına görə, 48 yaşlı naməlum şəxs qapının açıq olmasından istifadə edərək sabiq futbolçunun şəxsi mülkünə daxil olub.
Səhər saatlarında evə girən cinayətkar əvvəlcə mətbəxdə qəlyanaltı və daha sonra isə duş qəbul edib. Bununla kifayətlənməyən şəxs Şollun 20 yaşlı qızının yataq otağına yollanıb. O, gənc qızın və onun sevgilisi – “Münhen 1860″ın ikinci komandasının oyunçusu, 24 yaşlı Sandro Portanın yatdığı çarpayıya uzanmağa cəhd edib.
Cütlüyün müqavimət göstərməsi ilə evdə səs-küy yaranıb. Köməyə gələn Mehmet Şoll və gənclər cinayətkarı zərərsizləşdirməyə nail olublar. Qarşıdurma zamanı başından xəsarət alan bədxahı hadisə yerinə çağırılan polis həbs edib. Məlum olub ki, psixoloji problemləri olan və hüquq-mühafizə orqanlarına keçmişdən tanış olan bu şəxs dərhal psixiatriya klinikasına yerləşdirilib.
Xatırladaq ki, “Bavariya”nın əfsanəvi simalarından sayılan Şoll karyerası ərzində parlaq uğurlara imza atıb. 1992–2007-ci illərdə “Bavariya”nın formasını geyinən sabiq hücumameyilli yarımmüdafiəçi, bu klubun heyətində 8 dəfə ölkə çempionluğu sevinci yaşayıb, həmçinin Çempionlar Liqası və UEFA Kubokunun qalibi olub. Şoll klub səviyyəsindəki bu böyük nailiyyətlərini beynəlxalq arenada da davam etdirərək, 1996-cı ildə Almaniya yığmasının heyətində Avropa çempionu olub.