DÇ-2026-nın qrup mərhələsində İsveçə 1:5 hesabı ilə məğlub olan Tunis yığmasında daxili böhran baş qaldırıb.
Uğursuz startdan sonra Tunis Futbol Federasiyası baş məşqçi Sabri Lamuşini istefaya göndərməyə hazırlaşır. Ağır məğlubiyyətin ardından komanda düşərgəsində gərginliyin pik həddə çatdığı bildirilir. Durumu qəlizləşdirən digər məqam isə baş məşqçinin oğlunun adı ətrafında yaranan qalmaqaldır. Sabri Lamuşi iddiaları təkzib edərək, oğlunun heyətin seçiminə heç bir müdaxilə etmədiyini və hazırda sadəcə öz diplom işi üzərində çalışdığını desə də, rəhbərliyin qərarı dəyişməyib.
Tanınmış insayder-jurnalist Romen Molinanın son məlumatına görə, tunislilər fransalı mütəxəssislə yolları ayırmaq barədə yekun qərarını artıq verib.