Millimizin baş məşqçisi Ayxan Abbasovun San-Marino ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl mətbuat konfransı keçirilib. Macarıstanın Sombathey şəhərində baş tutan brifinqdə çalışdırıcı komandadakı son durumu dəyərləndirib, heyətdəki məcburi dəyişikliklərdən və nizam-intizam qaydalarını pozan futbolçuların taleyindən danışıb.
Hazırlıq prosesinin plana uyğun getdiyini bildirən baş məşqçi, bəzi kənar amillərin işə təsir etdiyini gizlətməyib: “Hər şey nəzərdə tutulduğu kimi davam edir. Lakin bəzi nüanslar planlarımızı bir qədər pozdu. Rəhim Sadıxov və Elvin Bədəlov xəstələndikləri üçün məşqlərin bir hissəsini buraxmalı oldular. Sözsüz ki, hər iki qarşılaşmada qələbə qazanmaq istəyirdik. Lakin bu toplanışda bir araya gəlmək, oyunları keçirmək və hücum xəttindəki problemləri əyani görmək bizim üçün çox vacib idi. Malta ilə son matça (0:2) gəlincə, kənardan nə deyilirsə deyilsin, komandamız pis təsir bağışlamadı. Sadəcə, oyunun nəticəsi bizi qane etmədi. Hücumları məntiqli sonluqla bitirmək mütləqdir. Bəli, bəzi oyunçuların oyun praktikasının azlığı öz sözünü deyir, amma bu, bəhanə ola bilməz. Malta ilə qarşılaşmadakı uğursuzluqdan düzgün nəticə çıxarmalı və buna yaxşı reaksiya verməliyik”.
Ayxan Abbasov Malta ilə oyunun təhlili zamanı futbolçulara edilən əsas iradları da açıqlayıb. O, komandanın hücum potensialından maksimum yararlanmalı olduğunu vurğulayıb: “Matç ərzində yaxşı hücumlarımız və mübarizəmiz oldu, lakin son nöqtəni qoya bilmədik. Oyundan sonra narazılığımızı komandanın diqqətinə çatdırdıq. Onlar bu ölkənin ən yaxşı futbolçularıdır, əgər qol epizodu yaranırsa, mütləq istifadə etmək lazımdır”.
Hücum xəttindəki kəsərsizliyin birbaşa oyun praktikası ilə bağlı olduğunu deyən mütəxəssis, futbolçulara xəbərdarlıq edib: “Oyunçular bir şeyi anlamalıdırlar: milli komandada uğurlu çıxış etmək istəyirlərsə, klublarında cəmi 7-8 dəqiqəlik şansla kifayətlənməməlidirlər. Onlar daha çox oynamalı və hər an hazır olmalıdırlar”.
Sabahkı matçda köklü rotasiyaya əl atacağını bildirən baş məşqçi, start heyətini bəri başdan açıqlayıb. Abbasov, həmçinin universal müdafiəçi Cəlal Hüseynovun meydandakı yeni roluna da aydınlıq gətirib: “Cəlal universal oyunçudur. Biz hələ ‘Şamaxı’da birgə çalışarkən onun fərqli mövqelərdəki potensialını yoxlamışdıq. Ehtiyac yaranacağı təqdirdə, sabahkı qarşılaşmada onu dayaq yarımmüdafiəçisi mövqeyində də görə bilərsiniz”.
Nizam-intizam qaydalarını pozduqları üçün heyətdən kənarlaşdırılan Abdulax Xeybullayev və Anton Krivotsyukun gələcək taleyinə toxunan mütəxəssis, bu cəzanın müvəqqəti xarakter daşıdığını bildirib: “Bu qərarı qəbul etmək mənim üçün də çox ağır oldu və buna görə üzülürəm. Çünki onlar millinin ən nizam-intizamlı oyunçularından idilər. Başqa kimsə olsaydı, bəlkə də bu qədər məyus olmazdım. Oyundan əvvəl hər ikisi velosipedlə məşqə gedirdi… Futbol emosional oyundur, lakin elə şeylər var ki, onları bağışlamaq olmaz. Hazırda komandada çox sağlam atmosfer var və biz bunu qorumalıyıq. Bu qərar yalnız cari toplanışa şamil olunur, yəni onların Millətlər Liqasını buraxması gündəmdə deyil”.Sonda jurnalistlərin “Sabah qələbə qazanacağıqmı?” sualını cavablandıran Abbasov, komandaya inamının tam olduğunu qeyd edib: “Buna ürəkdən inanıram. Futbolçularda da eyni inam və istək var. Hazırda bizə hava və su kimi qələbə lazımdır. Biz bu komanda ilə birlikdə inkişaf etmək, irəli getmək istəyirik”.