«The Mirror» nəşrinin məlumatına görə, Pep Qvardiola «İnter Mayami»ni çalışdırmaq təklifinə «yox» deyib. İspaniyalı mütəxəssis ailəsi ilə söhbətində yaxın gələcəklə bağlı planlarını artıq müəyyənləşdirib.
«Mançester Siti»də keçirdiyi və inanılmaz uğurlarla yadda qalan 10 illik dövrdən sonra Qvardiola klubla yollarını ayırıb. Onun rəhbərliyi altında «şəhərlilər» 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub, 2022/2023 mövsümündə isə Çempionlar Liqasını qazanıb.
Məşqçi postundan ayrılacağı rəsmiləşdikdən sonra Qvardiolanın xidmətində maraqlı olan tərəflərin sayı artmağa başlayıb. Bu siyahıda ən diqqətçəkən təkliflərdən biri isə Devid Bekhemə məxsus olub. «İnter Mayami»nin sahibi ötən ay klubdan ayrılan Xavyer Maskeronu əvəz etmək üçün məhz Qvardiolanı əsas namizəd hesab edirdi. Bekhem qərar vermək üçün Premyer Liqanın mövsüm sonuna qədər gözləməyi üstün tutmuşdu.
ABŞ təmsilçisinin təklifi kifayət qədər cəlbedici görünürdü. Belə ki, Qvardiola «Barselona» illərindən yaxşı tanıdığı və iş birliyindən böyük zövq aldığı Lionel Messi ilə yenidən bir araya gələ bilərdi. Lakin məşhur mütəxəssis hazırda ABŞ-a köçmək variantını nəzərdən keçirmir.«The Mirror»un yazdığına görə, gərgin keçən illərdən sonra Pep futboldan müvəqqəti uzaqlaşaraq, enerjisini ailəsinə həsr etmək istəyir. Məlumata görə, o, yaxın çevrəsinə açıqlamasında növbəti hədəfinin klub yox, məhz milli komanda olacağını vurğulayıb.