“Real”ın braziliyalı superulduzu Vinisius Juniorun işləri təkcə yaşıl meydanlarda deyil, şəxsi həyatında da tərs getməyə başlayıb. Madrid klubunun qol silahı uzun müddətdir sevgi yaşadığı məşhur sahibkar və fenomen Virciniya Fonseka ilə yollarını tamamilə ayırıb. Ayrılıq iddiaları böyük səs-küy yaratsa da, çox keçmədən cütlük “Instagram” hesablarında etdikləri rəsmi paylaşımla bu şok xəbəri təsdiqləyib.
Sosial şəbəkələri alt-üst edən ayrılıq xəbərini cütlük birgə çəkilmiş qara-ağ fotoları ilə elan edib. İzləyicilərini şoka salan bu paylaşımda 27 yaşlı Virciniya Fonseka münasibətin bitmə səbəbinə eyham vuraraq, prinsiplərindən geri addım atmayacağını bildirib: “Həyatım boyu mənim üçün müzakirə mövzusu belə ola bilməyəcək prinsiplərimdən heç vaxt güzəştə getməməyi öyrəndim. Hər zaman qorxmadan, hesab-kitab aparmadan və özüm olmaqdan vaz keçmədən, hisslərimi dürüst və sonuna qədər yaşamağa icazə verdim”.
“Real” 25 yaşlı vingeri Vinisius Junior da paylaşımın altında münasibətlərin bitdiyini təsdiqləyən geniş mətn yayımlayıb. Qeyd edək ki, “Instagram”da 58 milyondan çox izləyicisi olan braziliyalı-amerikalı teleaparıcı və bloqer Fonseka ilə Vinisius Juniorun münasibətləri birmənalı keçməyib. Cütlük daha əvvəl də münasibətlərində ciddi böhran yaşamış, hətta “Vini” sevgilisindən sosial media vasitəsilə ictimaiyyət qarşısında üzr istəmişdi. Lakin bu dəfə cütlük yollarını qəti olaraq ayırmaq qərarına gəlib.