Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu yaşıl meydanlarla yanaşı, biznes imperiyasını da böyütməyə davam edir. 41 yaşlı futbolçu bu dəfə media sektorunda səs-küylü addım ataraq, vətənində DÇ-2026-nın yayım hüquqlarına ortaq olub.
Təcrübəli hücumçu Braziliya mənşəli “Live Mode TV” platformasının səhmlərini aldığını rəsmən təsdiqləyib. “Mən bu şirkətin yeni tərəfdaşıyam”, — deyə o, yayımlanan birgə bəyanatda bildirib.
Strateji əməkdaşlıq çərçivəsində sözügedən onlayn telekanal turnirin 104 qarşılaşmasından 34-ünü (Portuqaliya yığmasının matçları da daxil olmaqla) YouTube üzərindən ölkə ərazisində canlı nümayiş etdirəcək.
Hələlik tərəflər sövdələşmənin maliyyə detallarını və ulduz futbolçunun media bazarındakı payının həcmini gizli saxlayır. “Live Mode” rəhbərliyi hələlik rəsmi rəqəmləri açıqlamasa da, hücumçunun şirkətin əsas “strateji tərəfdaşına” çevrildiyini bəyan edib.
2017-ci ildə Braziliyada təsis edilən “Live Mode” teleşirkəti yerli futbol matçları ilə yanaşı, futzal, çimərlik voleybolu və digər irimiqyaslı beynəlxalq turnirlərin yayımı üzrə ixtisaslaşıb.
Portuqaliya mediasının məlumatına görə, Kriştianu Ronaldonun 1,2 milyard avrodan çox qiymətləndirilən sərvəti təkcə onun yaşıl meydanlardakı qazancı deyil, həm də uğurlu reklam müqavilələri və 20-dən çox müxtəlif şirkətə etdiyi yatırımların nəticəsidir.
Ulduz futbolçu bu son satınalmanı da özünün “CR7” brendi altında fəaliyyət göstərən holdinqi vasitəsilə reallaşdırıb. Xatırladaq ki, sözügedən şirkət marketinq və mediadan tutmuş, turizm və restoran biznesinə qədər geniş bir sahəni əhatə edir.