FIFA dünya çempionatları tarixində bir ilkə imza atmağa hazırlaşır. İyulun 19-da Nyu-Cersi ştatında keçiriləcək final matçının fasiləsi əsl musiqi festivalına çevriləcək.
Beynəlxalq Futbol Federasiyası (FIFA) rəsmən elan edib ki, 2026-cı il dünya çempionatının final oyununun fasiləsində dünya ulduzları — Madonna, Şakira və Cənubi Koreyanın fenomen qrupu BTS çıxış edəcək.
Dünya çempionatlarının simvoluna çevrilən kolumbiyalı ulduz Şakira, builki turnirin rəsmi himni olan “Dai Dai” kompozisiyasını ifa edəcək. Qeyd edək ki, müğənni 2010-cu ildə Cənubi Afrikada keçirilən mundialda ifa etdiyi məşhur “Waka Waka” hiti ilə yaddaşlarda qalıb.
Dünya çempionatları tarixində ilk dəfə olaraq musiqi proqramı oyunun iki hissəsi arasında təşkil olunacaq. Bu qərar oyunun fasilə müddətinin ənənəvi 15 dəqiqədən daha uzun çəkəcəyi anlamına gəlir. Şou proqramına görə fasilənin təxminən 25 dəqiqə çəkəcəyi ehtimal olunur. Oxşar təcrübə ötən ilki Klublararası Dünya Çempionatının finalında sınaqdan keçirilmiş və böyük maraqla qarşılanmışdı.