Rumıniyanın nüfuzlu “iAMSport” nəşri sentyabr ayında Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə geniş məqalə həsr edib. Yazıda builki yarışın Formula 1 təqvimindəki ən diqqətçəkən idman hadisələrindən biri olacağı vurğulanıb.
2026-cı il Azərbaycan Qran-Prisi Bakı şəhərinin bu mötəbər turnirə ev sahibliyi etməsinin 10 illik yubileyi ilə əlamətdardır. “iAMSport” qeyd edir ki, təşkilatçılar yubiley münasibətilə genişmiqyaslı şou-proqram və xüsusi tədbirlər planı hazırlayıblar. Bu səbəbdən yarış həftəsonunda tribunalarda rekord sayda tamaşaçı marağının olacağı gözlənilir.
Formula 1-in artıq sadəcə sürət yarışı deyil, həm də qlobal əyləncə platformasına çevrildiyini yazan nəşr, Bakıdakı musiqi proqramına xüsusi toxunub. Yarış həftəsonu çərçivəsində dünyaşöhrətli ifaçılar Kelvin Harris və Keti Perrinin möhtəşəm konsert proqramı ilə çıxış edəcəkləri bildirilib.
Məqalədə Bakı Şəhər Halqası təqvimdəki ən maraqlı və çətin şəhər traslarından biri kimi xarakterizə olunub. Dar döngələr və yüksək sürətli düzlüklərin sintezi hər il gözlənilməz nəticələrə yol açır. Yarışın tarixi İçərişəhər fonunda keçirilməsi Bakının müasir infrastrukturu ilə qədim memarlığının unikal vəhdətini bütün dünyaya nümayiş etdirir.
Rumın analitiklərin fikrincə, Azərbaycan beynəlxalq idman tədbirləri vasitəsilə öz qlobal imicini və turizm potensialını uğurla möhkəmləndirir. Formula 1 rəhbərliyinin Azərbaycan Qran-Prisini 2030-cu ilə qədər təqvimdə saxlaması Bakının beynəlxalq idman mərkəzi kimi strateji mövqeyini daha da gücləndirəcək.
Məqalənin sonunda qeyd olunur ki, bu uzunmüddətli tərəfdaşlıq ölkəyə əlavə turist axınının təmin edilməsi və Azərbaycanın dünyada tanıdılması baxımından əvəzsiz rol oynayır.