Azərbaycanın paytaxtı növbəti dəfə mötəbər şahmat yarışına ev sahibliyi edir. Ənənəvi “Baku Open” beynəlxalq şahmat festivalı çərçivəsində gərgin mübarizə artıq həlledici mərhələyə qədəm qoyub.
Festivalın ən güclü iştirakçılarının yer aldığı A qrupunda 100 şahmatçı qalibiyyət uğrunda yarışır. Sevindirici haldır ki, onlardan 26-sı yerli zəka sahibləridir.
İlk dörd turdan sonra 3,5 xal toplayan 8 şahmatçı turnir cədvəlinə başçılıq edir. Liderlər sırasında yer alan Azərbaycan təmsilçiləri Süleyman Süleymanlı 3-cü, Vüqar Manafov isə 6-cı pillədədir. Təmsilçilərimiz əlavə əmsallara görə ilk altılıqda yer alaraq yüksək yerlər uğrunda iddialarını qoruyurlar
Xatırladaq ki, festival təkcə peşəkarlar üçün deyil, həm də fərqli dərəcəli şahmatçılar üçün nəzərdə tutulmuş B və C qrupları üzrə də keçirilir.
Qeyd edək ki, ümumi mükafat fondu 50 000 dollar olan ‘Baku Open’ İsveçrə sistemi ilə keçirilir. Şahmatçılar 9 tur ərzində qüvvələrini sınayacaq və festivalın qalibləri mayın 6-da elan olunacaq.