Bakıda bədii gimnastika üzrə növbəti nüfuzlu yarış — Avropa Kuboku start götürüb. Milli Gimnastika Arenasının ev sahibliyi etdiyi turnirdə 31 ölkədən 194 gimnast fəxri kürsünün ən yüksək pilləsi uğrunda mübarizəyə qoşulub.
Yarışın miqyası kifayət qədər genişdir: xalça üzərinə çıxan idmançıların 137-si böyüklər, 57-si isə gənclər kateqoriyasında öz məharətlərini nümayiş etdirirlər.
Yarışın ev sahibi olan yığmamız turnirdə 10 gimnastla təmsil olunur. Gənclərin mübarizəsində Azadə Atakişiyeva və Ayla İsgəndərli xalça üzərinə çıxacaqlar. Böyüklər kateqoriyasında isə ölkəmizin idman şərəfini İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə qoruyacaqlar.
Qeyd edək ki, bu gün yarışın rəsmi açılış mərasimi ilə turnirə təntənəli şəkildə xeyir-dua veriləcək. Mayın 3-nə qədər davam edəcək Avropa Kuboku çərçivəsində azarkeşləri gərgin və maraqlı idman mübarizəsi gözləyir.