Braziliyanın Foz-du-İquasu şəhərində boks üzrə Dünya Kuboku davam edir. Azərbaycan Boks Federasiyasının (ABF) məlumatına görə, lisenziya xarakterli turnirdə artıq yarımfinal mərhələsinə yekun vurulub. Millimizin üç üzvü qızıl medal uğrunda mübarizə aparmaq hüququ əldə edib. Sübhan Məmmədov (50 kq), Seyidcamşid Cəfərov (75 kq) və Məhəmməd Abdullayev (+90 kq) yarımfinalda rəqiblərini məğlub edərək adlarını finala yazdırıblar.
Digər boksçumuz Nabi İsgəndərov (70 kq) isə yarımfinalda məğlub olaraq turniri bürünc medalla başa vurub. Qeyd edək ki, ölkəmiz bu mötəbər turnirdə ümumilikdə 8 idmançı ilə təmsil olunur.