Bayquşun lənəti

23.04.26 | 10:57
Ölkə futbolu

Bir çox qədim sivilizasiyalarda bayquş qaranlıq dünyanın sakini sayılıb və bu səbəbdən də bədbəxtlik gətirən bir varlıq kimi qəbul olunub. Qədim Romada bayquş imperatorlar üçün ölümün müjdəçisi idi. Onun uçuşu ölüm kimi səssiz və vahiməli idi. Bizim kənddə də inanırdılar ki, bayquşun damına qonduğu evdə tezliklə bədbəxt hadisə olacaq. Simvolu bayquş olan “Sabah” klubunun Premyer Liqanın damına səssiz qonması da futbolumuzun şəriksiz ağasına çevrilmiş Qurban Qurbanov və komandası üçün bədbəxtliyin müjdəsi imiş. Bu mövsüm “bayquşlar” Ağdam klubunun əsl lənətinə çevrildilər. Onların yüksəlişi “Qarabağ”ın çöküşünün rəmzinə oldu. Avropada səs-küylə çıxış etməsinə baxmayaraq ölkə arenasında 9 oyundur ki, “Qarabağ” “Sabah”ı məğlub edə bilmir. Sonuncu qələbə 2024-cü ilin sentyabrında baş tutub. Uşaq simalı əzrail obrazında ölkə futboluna zühur etmiş Valdas Dambrauskas isə ümumiyyətlə, Qurbanovun ölkədəki şəriksiz taxt-tacını və bu taxt-tacla birlikdə futbol nüfuzunu əlindən almağı bacardı – hər iki turnirdə özünə rəqib tanımayan Qurbanovu əli-boş buraxdı. Daha doğrusu, titul, nüfuz və miflərini əlindən alıb, əvəzinə, giley-güzar, hakimlərdən narazılıq, böhran fırtınasına düşmüş komanda verdi. Etiraf edək ki, Qurbanov özünü maksimum toxtaq saxlamağa çalışır, hakimlər, ədalətsizlik barədə Dambrauskasa bütün cəbhələrdə uduzmasına bəraət axtarmadan illərlə qazandığı yerini qorumağa çalışır. Amma hakimin verdiyi qərarlara göstərdiyi acı, eyhamlı təbəssüm hələ ki, onun Dambrauskas önündə aciz qaldığından xəbər verir. Ümid penaltiyə, ümid hakim qərarlarınadırsa deməli onun komandası artıq özünə inamı itirib, artıq əvvəlki kimi rəqibindən qat-qat güclü deyil. Ümumiyyətlə, Dambrauskas taktiki, strateji və psixoloji cəhətdən Qurbanovu bütün oyunlarda üstələməyi bacarıb. Dambrauskasın “Qarabağ”la oyunlarda etdiyi əvəzetmələr, Qurbanovun illərdir etdiyi standart və vərdiş etdiyimiz əvəzetmələrin fonunda həddən artıq nəzərə çarpır. Qurbanovun əvəzetmələrini orta statistik azarkeş asanlıqla proqnoz verdiyi halda, Dambrauskas hər oyunun gedişinə və mahiyyətinə uyğun dəyişiklik edərək nəticəyə təsir etməyi bacarır. “Sabah”la kubokun yarımfinal oyununun sonunda bəlkə də hakim penalti verə bilərdi. Bu elə bir epizod idi ki, “Qarabağ” azarkeşləri üçün penalti idi, “Sabah” azarkeşləri üçünsə yox, və hər iki tərəf də arqument tapa bilərdi. Amma gəlin etiraf edək ki, Koxalski meydandan qovulduqdan sonra Qurbanovun komandası oyunda dar ağacına aparılan məğrur məhkuma bənzəyirdi. Başını qaldırıb şəstlə ətrafa baxır, keçmiş əzəmətinə güvənmək istəyir, amma işinin çətin olduğunu anlayırdı. Hətta yanlış ötürmədən sonra vurulan qoldan sonra da “Sabah”ın cavab qolu zaman məsələsi idi. “Qarabağ” rəqibin o sürətli hücumunu buraxanda, Koxalskini qurban verəndə artıq uduzmuşdu. “Qarabağ” sağda, mərkəzdə Maludanın qarşısında aciz qalanda və buna qarşı immunitet yoxluğu yaşayanda uduzmuşdu, “Qarabağ” Maludanın iki “Qarabağ”lını uşaq kimi aldadıb keçərək qol epizodu yaradanda uduzmuşdu. Və ən nəhayət, “Qarabağ” mövsümə başlayanda artıq uduzmuşdu. Niyə? Təkbaşına hegemonluğun yaratdığı arxayınlıqdan mürgülədiyinə görə, Qurbanovun kökündən yanlış hazırlıq planına görə, Çempionlar Liqasında bu qədər uzaq gedəcəyini gözləmədiyi üçün səhv strategiya qurduğuna görə, komandada “lyubimçiklər” və qohumlar saxlanıldığına görə.. Əvvəllər aşırı ərköyün Elvin Cəfərquliyevlə, əvəzedizi kimi heyəti gücləndirə bilməyən Abbas Hüseynov, Musa Qurbanlı və Şahruddin Məhəmmədəliyevlə, həddən artıq yüksək tempə və gərgin qrafikə tab gətirməyən 35 yaşlı “qoca” Abdullah Zubirlə Avropada bir yerə qədər gedib, ölkədə rahatca çempion olmaq mümkün idi. Amma azacıq rəqabət yaranan kimi bu mümkün olmadı və bunu əvvəlcədən görməmək strateji yanlışlıqdır, səhvdir və sayıqlığın, reallıq hissinin itirilməsi deməkdir. Tarix boyu imperatorlar məhz bu səbəbdən taxt-taclarını itirmişlər.  

Bayquş gecə quşudur, yumşaq tükləri sayəsində qaranlıqda səssizcə görünür və yox olur. “Sabah”ın taleyi də belə olacaq. Hələ ki, imperatorun lənətinə çevrilsə də, bir gün ölkə futbolundan səssizcə yox olub gedəcək. Çünki, kökü, region bağlılığı olmayan, süni yaradılmış bir klubdur və bir gün səssizcə yox olacaq, amma hələliksə imperatorun qaranlıq dünyasına çevrilmiş bir lənətdir.  

Paylaş:

Xəbər Lenti

Bayquşun lənəti

23.04.26 | 10:57

Millimiz Avropa çempionu oldu

23.04.26 | 06:59

“Sabah”ın baş məşqçisi: “Hakimlik də futbolla paralel inkişaf etməlidir”

23.04.26 | 06:42

Qurban Qurbanov: “Hakimlər sanki başlarını itiriblər, amma bu uğursuzluq bizi böyüdəcək”

23.04.26 | 06:07

“Sabah” yarımfinala darmadağınla başladı

22.04.26 | 21:18

Həsrət qızıl, Nihat bürünc qazandı, növbə Qurbanındır!

22.04.26 | 21:36

“Sabah” “Qarabağ”ı kubokda da əliboş qoydu

22.04.26 | 21:03

“Siti”də Qvardiola düyünü: 150 milyonluq transfer onu qalmağa razı salacaqmı?

22.04.26 | 17:31

“Neftçi” geri çəkildi: 26 minlik cərimə və bir oyunluq “təskinlik”

22.04.26 | 13:28

Futbol məktəblərdən başlayır: AFFA nümayəndələri Portuqaliyada

22.04.26 | 12:13

Zirvədən uçuruma: “Lester nağılı”nın acı sonu

22.04.26 | 07:25

Cəfərov və Qurbanov xalçaya qızıl medal üçün çıxacaqlar

21.04.26 | 23:26

Yunis Hüseynov hakimlikdən gileyləndi: “VAR bizə gələndə baxırlar, rəqibə yox!”

21.04.26 | 23:49

Rəşad Sadıqov: “Finalda rəqib seçmirəm”

21.04.26 | 23:06

“Zirə” adını finala yazdırdı

21.04.26 | 19:11

Neymar və “Santos” tərəfdarları arasında gərginlik pik həddə: “Cəhənnəm olun!”

21.04.26 | 17:57

Azarkeşlərin meydan “sevdası” klubları ziyana saldı

21.04.26 | 17:53

Paytaxt derbisinin bədəli ağır oldu

21.04.26 | 17:54

Tiranada üç güləşçimiz finalın bir addımlığında!

21.04.26 | 17:47

Sinxron üzgüçülük üzrə milliyə yeni baş məşqçi gətirildi

21.04.26 | 15:04