Premyer Liqanın 28-ci turu çərçivəsində keçirilən “Karvan-Yevlax” – “Şamaxı” qarşılaşması meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb (1:0). Matçdan sonra keçirilən mətbuat konfransında Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov qələbə təəssüratlarını bölüşüb və rəqibin oyun üslubunu yüksək qiymətləndirib.
Mütəxəssis ilk növbədə “Şamaxı”nın müdafiə və hücum balansına diqqət çəkərək, oyunun proqnozlaşdırılan çətinliklərindən danışıb: “Oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik. “Şamaxı“ çempionatın ən möhkəm, taktiki cəhətdən ən yaxşı strukturlaşmış komandasıdır. Onlar oyunun hər bir fazasında sistemli şəkildə işləyirlər. Xüsusilə standart vəziyyətlər zamanı rəqibin yaratdığı təhlükələri anlayırdıq və buna hazır idik.”
Füzuli Məmmədov komandasının meydandakı fədakarlığını xüsusi qeyd edib və qazanılan üç xalın gərgin hazırlıq prosesinin nəticəsi olduğunu vurğulayıb: “Matça çox ciddi hazırlaşmışdıq və sevindirici haldır ki, futbolçular qarşıya qoyulan tapşırıqları maksimum dərəcədə yerinə yetirdilər. Meydanda əsl döyüşkənlik, əzm və rəşadət nümayiş etdirdilər. Göstərdikləri bu xarakterə və son dəqiqəyədək mübarizə apardıqlarına görə hər birinə təşəkkür edirəm”.
Gərgin keçən qarşılaşmadan sonra baş məşqçi eyforiyaya qapılmadan qarşıdakı oyunlara kökləndiklərini bildirib: “Bu qələbəni geridə qoyub, növbəti matçımız üçün hazırlıqlara start verəcəyik.”