Azərbaycan Premyer Liqasında çıxış edən legionerlər və milliləşdirilmiş futbolçular arasında ən məhsuldar oyunçunun adı dəyişib. “Turan-Tovuz” un yarımmüdafiəçisi Filip Ozobiç, ölkə çempionatları tarixinə adını qızıl hərflərlə yazdıraraq yeni rekorda imza atıb.
Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Sumqayıt”la ev oyununda (2:1) rəqib qapısına yol tapan Ozobiç, Azərbaycan çempionatlarında vurduğu qolların sayını 72-yə çatdırıb. Bununla da o, 1992-ci ildən bəri keçirilən turnirin tarixində ən çox qol vuran əcnəbi (və ya legioner kimi debüt edib sonradan vətəndaşlıq alan) futbolçu statusuna yüksəlib.
Xorvatiyaəsilli yarımmüdafiəçi bu nəticəni 225-ci oyununda əldə edərək, uzun illərdir rekordun sahibi olan Badri Kvaratsxeliyanı geridə qoyub. Xatırladaq ki, vaxtilə “Kəpəz” və “Şəmkir” klublarında parlayan Kvaratsxeliya 132 matçda 71 qol vurmuşdu.
Azərbaycan karyerasına 2016/2017-ci illər mövsümündə start verən Ozobiç, ötən müddət ərzində çıxış etdiyi bütün klublarda məhsuldarlığı ilə seçilib. Təcrübəli yarımmüdafiəçinin 72 qolluq rekord göstəricisi çıxış etdiyi klublar üzrə belə bölünür: Ozobiç ən məhsuldar dövrünü “Qarabağ”da (95 oyunda 35 qol) yaşayıb. O, həmçinin “Qəbələ” də 46 matçda 16, “Neftçi”də 58 qarşılaşmada 15 qolla yadda qalıb. Rekordun rəsmiləşdiyi “Turan Tovuz”da isə o, artıq 26 oyunda 6 dəfə fərqlənməyi bacarıb.
Filip Ozobiç ölkəmizdəki elə ilk mövsümündəcə özünü sübut etməyi bacarmışdı. 2016/2017-ci illər çempionatında “Qəbələ” forması ilə 11 qol vuran futbolçu həmin mövsümün bombardiri adını qazanmışdı. Bu gün isə 35 yaşlı təcrübəli oyunçu sadəcə bir mövsümün deyil, bütöv bir tarixin ən yaxşısı kimi zirvədə qərarlaşıb. Hazırda “Turan Tovuz”un uğurları üçün tər tökən Ozobiçin bu göstəricini daha da yaxşılaşdırmaq şansı davam edir.