UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında Estoniyanın «Payde» klubuna səfərdə minimal hesabla (0:1) uduzan «Zirə»nin baş məşqçisi Rəşad Sadıqov qarşılaşmanı şərh edib.
Mütəxəssis ilk növbədə Pyarnu şəhərində baş tutan oyunun ümumi mənzərəsini və komandasının istifadə edə bilmədiyi imkanları vurğulayıb: «Oyunun ilk hissəsini üstünlüklə keçirdik. Qol vurmaq üçün yaxşı epizodlarımız olsa da, onları reallaşdıra bilmədik. İkinci yarıya da təşəbbüslə başladıq, yalnız son 15–20 dəqiqədə rəqib oyunda tarazlıq yarada bildi. Bəzi epizodlarda artıq üstünlük onların tərəfinə keçdi.
Görüşün sonunda rəqibin Avropa təcrübəsi özünü büruzə verdi – hansı ki, bu barədə hələ oyundan əvvəl də danışmışdım. Cavab matçında yaxşı oyun nümayiş etdirib növbəti mərhələyə adlamaq istəyirik».
Qarşılaşmada iki fərqli mənzərənin yaranmasına və məğlubiyyətə gətirib çıxaran səbəblərə toxunan Rəşad Sadıqov, xüsusilə standart vəziyyətlərin yarada biləcəyi təhlükələri önə çəkib. Oyunda təşəbbüsə və real qol imkanlarına sahib olduqlarını bildirən mütəxəssis, qələbə yönündə ciddi üstünlük qazanmaq şansını əldən verdiklərini vurğulayıb. İkinci yarıda mübarizənin məcrasının dəyişdiyini diqqətə çatdıran baş məşqçi, rəqibin xüsusilə standart vəziyyətlərdə kəsərli hücumlar təşkil etdiyini və buraxılan qolun da məhz belə bir epizodun nəticəsi olduğunu bildirib. Təcrübəli mütəxəssis cavab qarşılaşmasında hansı futbolu sərgiləmək istədiklərini açıqlayıb: «Evdəki oyunda Estoniyadakı matçın ilk 60–70 dəqiqəsində nümayiş etdirdiyimiz futbolu bütün 90 dəqiqəyə göstərməyə və istədiyimiz nəticəni qazanmağa çalışacağıq».