“Zirə” və “Sumqayıt” arasında gərgin mübarizə şəraitində keçən qarşılaşma dramatik sonluqla başa çatıb. Misli Premyer Liqasının IX turunun ikinci oyununda meydan sahibləri iki top fərqini əldən versələr də, Davit Volkovun 83-cü dəqiqədə vurduğu qolla 3:2 hesablı qələbə qazanıblar.
Maraqlıdır ki, komandalar oyuna fərqli əhval-ruhiyyədə çıxıblar. Mövsümə uğurlu başlayan “Zirə” “Sabah”a məğlubiyyətdən sonra üç tur idi qələbəyə həsrət qalmışdı. “Sumqayıt” isə uğursuz startın ardından dörd oyundur məğlub olmurdu.
Qarşılaşmaya fəal başlayan meydan sahibləri artıq 8-ci dəqiqədə hesabı açıblar. Amin Seydiyevin zərbəsindən sonra top rəqib futbolçunun əlinə dəyib və baş hakim Tural Qurbanov tərəddüd etmədən penalti təyin edib. Ruan Renato 11 metrlik zərbəni dəqiq yerinə yetirərək “Zirə”ni önə keçirib və mövsümdə ikinci qolunu vurub.
21-ci dəqiqədə meydan sahibləri fərqi artırıblar. Guima rəqib qapısına yol taparaq hesabı 2:0 edib. Lakin iki top fərqi “Zirə”nin arxayınlaşmasına, “Sumqayıt”ın isə mübarizədən qopmasına səbəb olmayıb. Qonaqlar hücumlarının sayını artırıblar. Onların bir qolunu VAR müdaxiləsindən sonra ofsayd səbəbindən qeydə alınmayıb. Bununla belə, “Sumqayıt” 39-cu dəqiqədə istəyinə çatıb. Nihad Əhmədzadə dirəkdən qayıdan topu qapıya göndərərək fərqi minimuma endirib – 2:1.
Fasilədən sonra da hücumlarını davam etdirən qonaqlar 56-cı dəqiqədə hesabı bərabərləşdiriblər. Mamadi Banqrenin sağ cinahdan ötürməsindən sonra Keffel Resende cərimə meydançasının yaxınlığından qüvvətli zərbə ilə topu tora göndərib – 2:2.
Buraxılan qoldan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov əvəzləmələrə əl ataraq oyunun gedişinə təsir göstərməyə çalışıb və buna nail olub. Meydan sahibləri son dəqiqələrdə qələbə qolunu axtarıblar və istəklərinə çatıblar.
83-cü dəqiqədə Qismət Alıyevin sol cinahdan asmasını Davit Volkov başla qapıya göndərərək “Zirə”yə qələbə qazandırıb. Gürcüstanlı hücumçu bununla da ötən tur “Kəpəz”lə görüşdə komandasına xal qazandıran bərabərlik qolundan sonra növbəti dəfə həlledici fiqura çevrilib.
Beləliklə, “Zirə” iki top fərqini əldən versə də, əzmkarlıq nümayiş etdirərək üç xalı aktivinə yazıb. “Sumqayıt” isə 2006-cı ildən başlayan “Zirə” üzərində qələbə həsrətinə son qoya bilməyib. Komandalar bu müddətdə ölkə çempionatı və kubokunda 22 dəfə üz-üzə gəliblər.
“Zirə” – “Sumqayıt” 3:2 (2:1)
Qollar: Ruan Renato, 8 (pen.), Guima, 21, Nihad Əhmədzadə, 39, Keffel Resende, 56, Davit Volkov, 83.
Məkan: Zirə qəsəbə stadionu, Bakı.
Baş hakim: Tural Qurbanov.
“Zirə”: Aydın Bayramov, Qismət Alıyev (kapitan), Amin Seydiyev (Kris Diqbe, 72), Elçin Əlicanov (Hacıağa Hacıly, 72), Ayxan Hüseynov (Mehdi Mşahşeh, 86), Ruan Renato, Davit Volkov, Guima, Anje Mutsinzi, Dimitri Leqbo, Eren Aydın (Issa Cibrilla, 72).
“Sumqayıt”: Marko Yohansson, Emil Mustafayev (Roy Kehat, 72), Nihad Əhmədzadə, İsa Suliman (kapitan), Sedrik Badolo, Ronaldo Vaskes, Keffel Resende, Lukas Blek, Mamadi Banqre, Tyaqo Almeyda, Renan Santana.
Sarı vərəqə: Ayxan Hüseynov.