Premyer Liqanın iddialı təmsilçilərindən olan “Zirə” heyətini qorumaq istiqamətində addımlarını sürətləndirir. “Qartallar”ın rəhbərliyi komandanın türk yarımmüdafiəçisi Eren Aydınla əməkdaşlığı davam etdirmək niyyətindədir.
Klub rəhbərliyi 23 yaşlı futbolçuya müddəti 2 il nəzərdə tutulan yeni müqavilə təklif edib. Tərəflər arasında danışıqların müsbət məcrada davam etdiyi bildirilir. Eren Aydının komandada qalıb-qalmayacağı məsələsinə yaxın günlərdə rəsmi şəkildə aydınlıq gələcək.
Xatırladaq ki, Eren Aydın “Zirə” düşərgəsinə cari ilin fevral ayında Ukraynanın “Veres” klubundan transfer olunub. Qısa müddət ərzində orta sahədəki oyunu ilə texniki heyətin etimadını qazanmağı bacaran gənc futbolçu, baş məşqçinin planlarında mühüm yer tutur.