Fransa millisinin yeni baş məşqçisi Zinedin Zidan rekord maliyyə şərtləri ilə müqaviləyə imza atıb. “RMC Sport”un məlumatına görə, 54 yaşlı mütəxəssis bonuslarla birgə Fransa yığması tarixinin ən yüksək ödənişli çalışdırıcısı ola bilər.
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo ilə Zidan arasında danışıqlar hələ 2025-ci ilin fevralında başlayıb. Tərəflər ilkin görüşlərdə maliyyə şərtlərini belə müzakirə etməyərək əsas diqqəti yeni çempionluq titullarının qazanılmasına yönəldiblər.
Fransa Futbol Federasiyası (FFF) Zinəddin Zidanın maaşı ilə bağlı rəsmi rəqəmləri açıqlamasa da, mətbuata sızan müqavilə detalları onun millinin tarixində ən yüksək maaş alan baş məşqçi olacağını göstərir.
Məlumata görə, Zidanın illik sabit əməkhaqqı 3,6 milyon avro təşkil edəcək. Bu məbləğ DÇ-2026-dan sonra vəzifəsindən ayrılan Didye Deşamın aldığı maaşdan bir qədər aşağıdır.
Bununla yanaşı, müqavilədə nəzərdə tutulan bonuslar sayəsində fransalı mütəxəssisin illik qazancı 5,4 milyon avroya qədər arta bilər. Bu baş verəcəyi təqdirdə, Zidan Fransa millisinin tarixində ən yüksək maaş alan baş məşqçi kimi tarixə düşəcək.
Uzun müddətdir addımı səbirsizliklə gözlənilən fransalı mütəxəssisin təyinatı çərşənbə axşamı rəsmən elan olunub. Zinedin Zidanın müqavilə müddəti 2030-cu il Dünya Çempionatının sonuna qədər nəzərdə tutulub.