Premyer Liqada debüt edən “Şafa” üçün elitada ilk sınaq heç də asan keçməyib. I turda səfərdə iddialı “Zirə”yə 0:2 hesabı ilə boyun əyən komandanın baş məşqçisi Zaur Həşimov matçdan sonra mətbuat nümayəndələri ilə görüşüb. Komandasının çıxışını dəyərləndirən çalışdırıcı rəqibin fiziki üstünlüyünü etiraf etsə də, yetirmələrinin əzmkarlığından razı qaldığını bildirib və komandanın formalaşma prosesi barədə səmimi açıqlamalar verib.
Matçın ümumi gedişatını təhlil edən baş məşqçi, rəqibin fiziki cəhətdən daha üstün olduğunu etiraf edib: “Meydanda daha çox mübarizə aparan tərəf biz idik, çünki qarşımızda olduqca yaxşı komanda var idi. Nəzərə alaq ki, ‘Zirə’ artıq altıncı həftədir toplanışdadır və onların fiziki hazırlığı bizdən qat-qat üstündür. Bununla belə, yetirmələrimin çıxışından narazı qalmadım və matçdan sonra futbolçularıma təşəkkür etdim. Kollektivi demək olar ki, sıfırdan formalaşdırmışıq. İlk məşqimizdə cəmi 12-13 futbolçu iştirak edirdi. Bu baxımdan bizə vaxt lazımdır. Əminəm ki, zaman keçdikcə komandamızın oyunu daha da yaxşılaşacaq”.
I Liqadan elitaya yüksələn komandanın transfer siyasəti barədə danışan Həşimov, əcnəbi futbolçulara diqqət ayrılmasının səbəbini belə izah edib: “Ötən mövsüm I Liqada çıxış edən bəzi futbolçular heyətdə qaldı. Eyni zamanda, həm yerli, həm də əcnəbi oyunçuları komandaya dəvət etdik. Lakin etiraf etməliyəm ki, bəzi mövqelər üçün uyğun səviyyəli yerli futbolçu tapa bilmədik. Məhz bu səbəbdən klub rəhbərliyi əsas diqqəti legionerlərə yönəltməyi daha məqsədəuyğun saydı”.
Komandanın istənilən səviyyəyə çatması üçün zamana ehtiyac duyduğunu vurğulayan mütəxəssis, bunun bir bəhanə olmadığını da xüsusi qeyd edib: “Vaxt məsələsinə toxunarkən bəhanə axtarmaq niyyətində deyiləm. Biz cəmi ay yarım əvvəl formalaşmış bir komandayıq. Bu gün ‘Zirə’ ilə oyuna minimum bir xal qazanmaq ümidi ilə gəlmişdik. Hazırlıq dönəmində keçirdiyimiz yoldaşlıq oyunlarında da uduzmamışdıq – bu gün isə ilk dəfə məğlubiyyətlə üzləşdik.Futbolçuların öz fərdi keyfiyyətlərini və ustalıqlarını tam nümayiş etdirmələri üçün mütləq şəkildə optimal fiziki formaya çatmaları şərtdir. İlk hissədə oyunçular arasında qarşılıqlı anlaşmanın yüksək səviyyədə olmadığı açıq görünürdü. Amma belə hallar hər yerdə olur və mən yenə də vaxtı bəhanə etmirəm. Ümumən bu gün pis oynamadıq. İnanıram ki, hər oyunla bir az da artıracaq və daha yaxşı çıxış edəcəyik”.