“Qəbələ” ilə keçirilən və 1:1 hesablı heç-heçə ilə başa çatan yoxlama oyunundan sonra “Şafa”nın baş məşqçisi Zaur Həşimov komandasının hazırlıq prosesi barədə fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis görüşün məzmunundan razı qaldığını və heyətin formalaşması istiqamətində işlərin davam etdiyini bildirib: “Bu, bizim ikinci yoxlama matçımız idi. Ümumilikdə görüş yaxşı keçdi, futbolçular tapşırıqları yerinə yetirməyə çalışırdılar. Heyətimiz yenidir, bəzi oyunçular komandaya cəmi 4-5 gün əvvəl qoşulub. Hazırda heyətin formalaşdırılması üzərində işləyirik və oyunçuların bir-birinə meydanda uyğunlaşması üçün zamana ehtiyacımız var. Vaxtın az olduğunu bilirik, lakin çempionatın startına qədər komandanı tam hazır vəziyyətə gətirəcəyik”.