Azərbaycan Premyer Liqasının 4-cü turunda “Şəfa”nı 4:1 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis qələbəni şərh etməkl yanaşı, komandadakı rəqabətdən və fərdi oyunçuların çıxışından danışıb: “Futbolçularım bu matçda var qüvvələri ilə mübarizə apardılar. “Şəfa”nın Premyer Liqanın debütantı olması sizi aldatmasın; onlar intizamlı və əla təşkilatlanmış kollektivdir. 5-3-2 sxemi ilə oynadıqları üçün birinci hissədə müdafiələrini yarıb keçmək həqiqətən çətin idi. Buna baxmayaraq, Rüfət Abbasovun möhtəşəm qolu ilə hesabı açdıq. Bu, hələ üzərində işləməli olduğumuz çox məqamın olduğunu göstərir, qarşıda bizi böyük iş gözləyir. İkinci yarıya standart vəziyyətdən buraxılan qolla başladıq, lakin yetirmələrimin reaksiyasından çox razı qaldım. Qoldan sonra oyundakı intensivliyi artırıb ardıcıl üç qol vurduq. Düzü, artıq qapı dirəklərinə neçə dəfə vurduğumuzu unutmuşam, amma əsas odur ki, qələbə qazandıq. İndi irəliyə baxmalıyıq”.
Start heyətində “Zirə” ilə matça nisbətən dəyişikliklər etməsinə toxunan baş məşqçi bunun cəza xarakteri daşımadığını vurğulayıb: “Qapıçıları çıxmaqla, sərəncamımızda 22 futbolçu var. Həmçinin zədəli olan Ştoqrin də tezliklə sıraya qayıdacaq. Elvin Badalov isə qırmızı vərəqə cəzasına görə bu oyunu buraxmalı oldu. Qalan oyunçular tam gücü ilə məşq edirlər. Mən futbolçuları cəzalandırmıram, sadəcə, hər matçın taktiki planına uyğun qərarlar verirəm. “Zirə” ilə görüşdə gözlədiyimiz oyunu göstərmədik və mən buna dərhal reaksiya verməli oldum. Həmin matçda çox az qol epizodu yaratmışdıq. Bu dəfə isə əsas məqsədimiz sərt pressinq tətbiq etmək idi. Əvvəlki matçda reallaşdıra bilmədiyimiz tapşırığı bu dəfə futbolçular əla yerinə yetirdilər. Komandada sağlam rəqabət hökm sürür və bu, məni çox sevindirir. Hər kəs oynamaq istəyir, bu isə əla haldır”.
Yeni transfer Viko Şevelin debütünü dəyərləndirən mütəxəssis ukraynalı yarımmüdafiəçiyə böyük ümidlər bəslədiyini bildirib: “Şevellə bağlı uzun müddətdir müşahidələr aparırdıq. O, çox maraqlı çempionatdan – hətta ən yaxşı mərkəz yarımmüdafiəçilərindən biri seçildiyi Şotlandiya liqasından gəlib. Onu heyətimizdə görmək istəyirdik və transferini reallaşdıra bildik. Komandadakı həm gənc, həm də təcrübəli bütün oyunçulara tam güvənirəm. Artıq mərkəz xəttində və cinahlarda rotasiyalar etmək, oyunu təzələmək imkanımız var. Zaman keçdikcə daxili rəqabət daha da güclənəcək”.
Sonda Yuri Vernidub qol müəllifi olan gənc müdafiəçi Rüfət Abbasovun oyununu xüsusi vurğulayıb: “O, hələ gəncdir və artıq milli komandanın şərəfini qoruyur. Rüfətlə dəfələrlə danışmışıq, ondan nə gözlədiyimizi, məşqlərə və hazırlıq prosesinə necə yanaşmalı olduğunu müzakirə etmişik. Bu matçda o, əla qol vurdu: solaxay olmasına baxmayaraq, topu sağ ayağı ilə tora göndərdi. Əslində, ikinci qolu da vura bilərdi, sadəcə top dirəkdən döndü“.