UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında Bolqarıstanın Stara-Zaqora şəhərində Belarusun “Dinamo-Minsk” klubu ilə qarşılaşacaq “Neftçi”nin baş məşqçisi Yuri Vernıdub oyundan öncə fikirlərini bölüşüb.
İlk görüşdəki məğlubiyyəti (2:4) xatırladan mütəxəssis komandanın cavab matçına hazır olduğunu bildirib: “Belə oyunlardan sonra komanda psixoloji zərbə alır. Lakin düşünürəm ki, cavab qarşılaşmasına hazırıq və nəyə qadir olduğumuzu göstərmək istəyirik. Əgər xarakterimiz varsa, meydana çıxıb sonadək döyüşəcəyik. Yeganə istəyim futbolçularımın bunu dərk etməsi və meydanda mərdanə mübarizə aparmasıdır”.
Azarkeşlərə müraciət edən təcrübəli baş məşqçi ilk matçdakı yenilgiyə görə tərəfdarlardan üzr istəyib. O, azarkeşlərin həm çətin, həm də yaxşı günlərdə komandanın yanında olmasını arzuladığını bildirərək, cavab oyununda “Neftçi”yə layiq mübarizə nümayiş etdirmək və qələbə əzmini sübut etmək istədiklərini vurğulayıb. Heyətdəki son vəziyyətə də toxunan Vernıdub zədəli futbolçunun olmadığını, bütün heyətin sağlam və sərəncamında yer aldığını diqqətə çatdırıb. O, komandanın hansı istiqamətdə irəlilədiyinin məhz sabahkı qarşılaşmada bəlli olacağını əlavə edib.